Aprelin 18-i dünyada Tarixi Abidələrin Mühafizəsi Günüdür.
18 aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür. Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (İCOMOS) təklifi ilə UNESCO tərəfindən 1983-cü ildə təsis olunan bu əlamətdar günün məqsədi insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir. Təəssüflə qeyd etməliyik ki, hazırda dünyada minlərlə abidə məhv olmaq təhlükəsindədir.
Tarixi Abidələrin Mühafizəsi Gününün təsis olunması ölkəmiz üçün xüsusi əhəmiyyətə malikdir. Belə ki, Birinci Qarabağ müharibəsi zamanı torpaqlarımızın 20 faizini işğal edən Ermənistanın hərbi birləşmələri şəhər və kəndlərimizlə yanaşı, tarixi abidələrimizi də qəddarcasına dağıdıblar.
Qədim Qarabağ və ona bitişik rayonlarda 13 dünya əhəmiyyətli - 6 memarlıq və 7 arxeoloji, 292 ölkə, 330 yerli əhəmiyyətli memarlıq, arxeoloji, bağ, park, monumental və xatirə abidələri, həmçinin 40 mindən artıq əşyanın toplandığı 22 muzey, yüzlərlə mədəni-maarif müəssisələri dağıdılaraq talan edilib. İkinci Qarabağ müharibəsi zamanı isə işğaldan azad olunmuş ərazilərdə 400-ə yaxın abidə dağıdılıb.
Müzəffər Ordumuzun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazandığı möhtəşəm qələbədən sonra Qarabağ yeni mərhələyə - dirçəliş mərhələsinə qədəm qoyub. Şəhər və kəndlərimizlə yanaşı erməni barbarları tərəfindən dağıdılan tarixi abidələrimizin də bərpası nəzərdə tutulur.
18 Aprel- Tarixi Abidələrin Mühafizəsi Günü ilə əlaqədar olaraq məktəbin şagirdləri Qız Qalası, İçərişəhər, Şirvanşahlar sarayı və zoologiya muzeyinə ekskursiya ediblər.