Lütfi Zadənin 100 illik yubileyi ilə bağlı onlayn tədbir keçirildi
Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən görkəmli elm xadimi Lütfi Zadənin 100 illik yubileyinin keçirilməsi ilə bağlı verilmiş əmrə əsasən məktəbin müəllim və şagirdlərin iştirakı ilə onlayn tədbir keçirildi.
Tədbirdə professor Lütfi Zadənin elmi yaradıcılığından geniş məlumat verildi, onun həyat və fəaliyyətini əks etdirən video roliklər nümayiş etdirildi.
Məktəbin tarix müəllimi Abbasov Sahil çıxış edərək bildirdi ki,Lütfi Zadə fundamental nəzəriyyələri ilə elm tarixində ciddi dəyişikliklərə yol açmış görkəmli şəxsiyyətlərdəndir. Alimin ardıcıl tədqiqatlarının nəticəsi olaraq irəli sürdüyü qeyri-səlis məntiq nəzəriyyəsi müxtəlif elm sahələrinin müasir mərhələdə inkişafında dərin iz qoymuş və yeni yanaşma üsulları meydana gətirib. Bu nəzəriyyə üstün intellektual texnologiyalara güclü təsir göstərib, müasir idarəetmə və informasiya-kommunikasiya sistemlərinin əsaslarının formalaşdırılmasında mühüm rol oynayıb.
Lütfi Zadə dünya miqyasında əsərlərinə ən çox istinad olunan alimlərdəndir. Onun yaratdığı elmi məktəb və laboratoriyalar bir sıra ölkələrdə yarım əsrdən artıqdır ki, uğurla fəaliyyət göstərməkdədir. Azərbaycanlı olduğunu fəxrlə bildirən və ürəyi daim doğma Vətəni ilə bir döyünən Lütfi Zadə elm və texnologiyaların inkişafında, eləcə də mədəniyyətlərarası dialoqun qurulmasında misilsiz xidmətlərinə görə Azərbaycan Respublikasının ali mükafatlarından olan “Dostluq” ordeninə layiq görülüb.