20 Yanvar faciəsinin otuz birinci ildönümü keçirildi
Məktəbin İllik Tədbirlər Planına əsasən 20 Yanvar faciəsinin otuzbirinci ildönümünə həsr olunmuş onlayn tədbir keçirildi. Tədbir xalqımızın azadlığı uğrunda canlarını qurban vermis vətən övladlarının əziz xatirələrini bir dəqiqəlik sükutla yad etməklə başladı. Tədbirdə qonaq qismində iştirak edən AMEA Tarix İnstitutunun böyük elmi işçisi Sevinc Məlikzadə 1990-cı ilin o dəhşətli günündən danışdı, tarixi faktlarla hadisənin bütün təfərrüatlarını şagirdlərə izah etdi. O, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanda günahsız insanların gülləbaran edilməsi əməliyyatının SSRİ Müdafiə Nazirliyi, DİN xüsusi təyinatlıları və SSRİ DTK-nın təxribat qrupları tərəfindən təşkil olunduğunu, bunun Azərbaycan xalqını qorxutmaq, onun milli oyanışını, ərazi bütövlüyü, suverenlik uğrunda mübarizliyini məhv edib sındırmaq məqsədi daşıyan mənfur planının tərkib hissəsi olduğunu bildirdi.
Məktəbin direktoru Dilarə Cəbrayılova çixiş edərək, 20 Yanvarın Azərbaycan tarixində təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü olduğunu bildirdi. Bunun uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Bu tarixin həm də kimin kim olduğunu sübut edən növbəti imtahan olduğunu bildirdi.
Təlim və tərbiyə işləri üzrə direktor müavini Xalidə Ağayeva çıxış edərək, Azərbaycan xalqının öz igid övladlarının fədakarlığını məhəbbətlə xatırladığını, onların əziz xatirəsini böyük ehtiramla yad etdiyini bildirdi. Bakının ən möhtəşəm məkanında Vətən uğrunda canlarını qurban vermiş mərd, igid oğul və qızlarımızın uyuduğu Şəhidlər xiyabanının xalqımız üçün müqəddəs bir and yerinə, milli iradəmizin şanlı-şərəfli bir salnaməsinə çevrildiyini, Şəhidlərimizin və Şəhidlər xiyabanın azadlığımızın, müstəqilliyimizin, milli iradəmizin simvolu kimi bundan sonrakı nəsillərə də bir qürur mənbəyi olacağını bildirdi.
Tərbiyə işləri üzrə direktor müavini Zülfiyyə Rəşidova öz çıxışında şagirdlərimizin tarix haqqında biliklərini möhkəmləndirmək, vətənin bütövlüyü uğrunda canından keçmiş Azərbaycanın igid oğullarının xatirəsini əbədiləşdirmək məqsədi ilə keçirilən silsilə tədbirlərdən danışdı.
Tədbirin təşkilatçısı Uşaq Birliyi Rəhbəri Dürdanə Novruzova 20 Yanvar hadisələrindən, Azərbaycan xalqının bu mübarizədə göstərdiyi əzmindən danışdı, şagirdlərin hazırladıqları bədii kompazisiya dinlənildi.