VƏTƏN SAĞ OLSUN!
Məktəbimizin məzunu Hüseynov Xaliq Kamil oğlu Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Şəhidlik zirvəsinə yüksəlmişdir.
Şəhidlik uca bir zirvə olmaqla yanaşı, həm də bir məktəbdir. Elə bir məktəb ki, bizlər o məktəbdən igidliyi, mərdliyi, cəsurluğu, Vətən uğrunda candan keçməyin nə olduğunu öyrənirik. Həyatda ən böyük xoşbəxtlik Vətən yolunda şəhid olmaqdır. Lakin hər bir insana şəhid olmaq, o əlçatmaz zirvəyə ucalmaq nəsib olmur… Bu gün bizim qürur mənbəyimizə çevrilən şəhidlərimizlə kiçik yaşlı uşaqlarımız, məktəblilərimiz və eləcə də bütövlükdə Azərbaycan fəxr edir. Bu gün hər bir vətəndaş "Bu Vətən bizimdir!” deyib canından keçən igid və mərd oğullarını yaxından tanımalı, onların əziz xatirələrini yad etməlidirlər. Şəhidlərimiz hər an bizim qəlbimizdədir, onlar ürəklərdə yaşayıb, yaşayır və yaşayacaq!. Unutmayaq ki, şəhidlərimiz bizim ən ali qürur mənbəyimizdir!