ŞƏHİD EYVAZLI MƏZDƏK ƏLİ OĞLUNUN ANIM GÜNÜ QEYD OLUNDU

Oktyabrın 29-da ibtidai sinif müəllimi Rəqiybə Seyidovanın və sinif rəhbəri olduğu 2 Z sinif şagirdlərinin iştirakı ilə Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi Eyvazlı Məzdək Əli oğlunun anım günü qeyd olundu. Rəqiybə müəllim şagirdlərlə birgə şəhidin məzarını ziyarət etmiş, şagirdlər şəhidin məzarı önündə şəhidlərimizə həsr edilmiş şeirlər,bayatılar və mübarizliyə çağıran müxtəlif şüarlar səsləndirmiş, məzarına qərənfilər düzmüşlər. Rəqiybə müəllim şəhidin həyat yolundan, vətənpərvərliyindən, döyüş qəhrəmanlığından çıxış etmişdir. 2020-ci ilin iyul ayında baş verən Tovuz döyüşlərindən sonra elan edilən səfərbərlikdən sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon üzrə ünvanına yaxınlaşmış, adını könüllü olaraq müharibəyə getmək üçün yazdırmışdır. 27 sentyabrda başlayan Vətən müharibəsinə ilk gündən yollanmışdır. Füzuli uğrunda döyüşlərdə vuruşmuşdur. O, 29 oktyabr 2020-ci ildə Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Məzdək Eyvazlı ölümündən sonra "Vətən uğrunda" medalı və Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilmişdir. Şəhidlərimiz sonsuzadək ürəyimizdə yaşayacaqdır.