Vətənə Sadiq oğul

Vətən müharibəsində qazanılan Şanlı Qələbənin tarixi əhəmiyyətini gənclər arasında təbliği məqsədilə məktəbin Hərbi rəhbəri Köçəri Verdiyevin təşkilatçılığı ilə bir qrup şagird Vətən müharibəsi şəhidi Sadiq Rəhimovun xatirəsinə həsr olunmuş məkanda olublar. Hərbi rəhbər şagirdlərə Vətən müharibəsi qəhrəmanı şəhid Sadiq Rəhimovun döyüş yolu haqqında məlumat verib. 2-ci Qarabağ müharibəsində, 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan müharibədə iştirak etmək istəyən Sadiq könüllü olaraq Lerik rayon Hərbi komissarlığında qeydiyyatdan keçir və döyüşə yollanır. Füzuli və Xocavənd uğrunda gedən ağır döyüşlərdə böyük şücaət və qəhrəmanlıqlar göstərir. Düşmənə sarsıdıcı zərbələr endirən və xeyli sayda canlı qüvvəsini məhv edən qəhrəman Sadiq 3 noyabr 2020-ci il tarixində Xocavənd istiqamətində gedən şiddətli döyüşlərdə qəhrəmancasına şəhid olur.