Beynəlxalq Ana Dili Günü qeyd olunub

Fevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə BMT-nin Elm, Təhsil və Mədəniyyət məsələləri üzrə (UNESCO) təşkilatı tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilib. Bu günün qeyd olunması  ana dilini qorumaq, hər bir ölkənin ictimai-siyasi həyatında doğma dilin rolunu artırmaq məqsədi daşıyır.

Beynəlxalq Ana Dili Günü münasibəti ilə fevralın 21-də məktəbdə tədbir keçirilib. Məktəbin direktor müavini Tahir Səmədovun təşkilatçılığı ilə keçirilən tədbirdə məktəb kollektivi və şagirdlər iştirak edib.

Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Tədbirə giriş sözü ilə başlayan məktəbin direktor müavini Sevil Abdurahmanova Azərbaycan dilinin dərin köklərindən, mənşəyindən, xalqın həyatı ilə bağlı xüsusiyyətlərindən və dilimizin müasir inkişafından bəhs edib.

Daha sonra  6-cı sinif şagirdləri ana dili ilə bağlı məruzələrlə çıxış ediblər. Qeyd edilib ki, dil hər bir millətin maddi və mənəvi irsini qoruyan, inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır.

Ölkəmizdə ana dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, onun qorunması istiqamətində ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətləri olub. 1995-ci ildə qəbul edilən Konstitusiya ilə dövlət dilinin adının bərpa olunması, 2002-ci ildə isə “Azərbaycan Respublikasının dövlət dili haqqında” Qanunun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlənməsi, onun tətbiqi, qorunması, inkişaf etdirilməsi, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni  özünüifadə ehtiyaclarının ödənilməsi istiqamətində atılmış ən böyük addım olub.

Tədbirin bədii hissəsində şagirdlər vətənə, ana dilinə həsr olunmuş şeirlər ifa ediblər. VI sinif şagirdi Fərəh Nemətzadənin sazda ifası tədbir iştirakçılarının zövqünü oxşayıb.

Şagirdlərin bədii zövqünün formalaşmasında, mütaliə bacarığının artması və söz ehtiyatının yaranmasında belə tədbirlər böyük əhəmiyyət daşıyır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi