FƏXRİMİZ

                                                                    Rövşən Nəriman oğlu Əliyev

   

Rövşən Nəriman oğlu Əliyev 1972-ci ilin avqust ayının 30-da Bakı şəhərində doğulmuşdur. Atası Nəriman kişi Qərbi Azərbaycanın Basarkeçər rayonun Yarpızlı kəndindən idi. Erməni millətçilərinin təzyiqi ilə zorla qovulanda Bakı şəhərinə pənah gətirmişdi. Rövşən 1989-cu ildə Xətai rayonundakı 254 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Politexnik İnstitutunun (indiki Texniki Universitet) maşınqayırma fakultəsinə daxil olmuşdu.

   1990-cı ildə baş verən Qanlı Yanvar faciəsi hər bir Vətən övladı kimi Rövşənə də çox ağır təsir etmişdi. O,heç cür özünə ələ bilmirdi. Qərar vermişdi ki, torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə lazım gələrsə canını da qurban versin.

   1991-ci ilin may ayında R.Əliyev könüllü olaraq orduya yazıldı və tezliklə Ağdamda yaradılmış milli müdafiə taboru ilə birlikdə döyüşə atılaraq Sırxavənd, Qazançı kəndlərinin düşməndən azad edilməsində yaxından iştirak etdi. Cəsur döyüşçü 1992-ci ilin mart ayında yeni bir tapşırıq aldı: əsgərlərimiz Muğanlı, Şıxbabalı yüksəklərində mövqe tutdular. Verilən tapşırıq vaxtında və peşekarlıqla yerinə yetirildi.

    1992-ci ilin may ayının 13-də ermənilər bizim əsgərləri Dəhraz kəndindən çıxarmaq məqsədi ilə Abdal Gülablı kəndində hücum etdilər.Rövşən Əliyev dərhal yoldaşlararına köməyə getdi. Düşmən əsgərlərimizin sarsıdıcı zərbələrinə tab gətirməyərək geri çəkildi. R.Əliyev Ağbulaq-Dəhraz əməliyyatlarında xüsusilə fərqləndi. Bu kəndlər Rövşən Əliyev kimi igid oğulların dönməzliyi sayəsində erməni quldurlarından təmizlənir.

   1992-ci ilin iyun ayının 14-də azğınlaşmış düşmən yenidən böyük qüvvə ilə Dəhraz kəndinə hücum etdi. Əsgərlərimiz  mühasirəyə düşdülər. Rövşən yaralı yoldaşlarının düşmən əlinə keçməməsi üçün böyük şücaət göstərərək, onları döyüş meydanından çıxarmağa müvəffəq oldu. Bu əməliyyat zamanı R.Əliyev komandirini xilas edərkən başından yaralandı.Əsgər dostlarının səyinə baxmayaraq bir qədər sonra Rövşən gözlərini əbədi yumdu.

    Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 1992-ci il tarixli 350 saylı Fərmanı ilə Əliyev Rövşən Nəriman oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

   Subay idi.

   R.Əliyev Bakı şəhərində, Şəhidlər Xiyabanında dəfn edilmişdir.

  Vaxtilə təhsil aldığı 254 saylı orta məktəbə Qəhrəmanın adı verilmişdir. Bakı şəhərinin küçələrindən biri R.Əliyevin adını daşıyır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi