Şəhidlərimizi ziyarət etdik

Tarixdə elə hadisələr olur ki, baş verən kimi tarix olur. Öz adı ilə, öz ünvanı ilə qırmızı və ya qara xətlə tarix səhifəsinə, eləcə də xalqın qan yaddaşına həkk olunur. Azərbaycan tarixinin belə səhifələrindən biri 1990-cı ildə erməni-rus hərbi birləşmələrinin xalqımıza qarşı xüsusi amansızlıqla törətdiyi 20 Yanvar faciəsidir.
Bakının ən yüksək nöqtələrindən birində hər bir azərbaycanlı üçün müqəddəs and yerinə çevrilmiş bir yer var. Bu, 20 Yanvar qurbanlarının və Ermənistanın hərbi təcavüzünə qarşı döyüşlərdə həlak olanların dəfn edildiyi Şəhidlər Xiyabanıdır. Hər il olduğu kimi bu il də məktəbin ibtidai sinif müəllimi Svetlana Hüseynovanın rəhbərlik etdiyi 4 “C” sinfi, Azərbaycan dili və ədəbiyyat müəllimi Təranə Şirinovanın rəhbərlik etdiyi 9 “A” sinfi Şəhidlər Xiyabanını ziyarət etdilər. Bu ziyarəti təşkil etməkdə əsas məqsəd şagirdlərdə vətəndaşlıq hisslərinin tərbiyə edilməsi, tarixin ən mühüm hadisələri haqqında məlumatlandırılması, ermənilərin işğalçılıq siyasətinin açıqlanması, torpaqlarımızın işğalının məhz 20 yanvardan başlanması haqqında məlumat vermək idi.
Bir daha qeyd etmək lazımdır ki, keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır.