Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinə ekskursiya təşkil edildi

18 may 2017-ci il tarixində Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinə ekskursiya təşkil edildi. Ekskursiyada 4 "A", 5 "C" və 5 "Ç" sinifləri,həmçinin ibtidai sinif müəllimi Dadaşova Şərqiyyə, riyaziyyat müəllimi Mirvari İsayeva, informatika müəllimi Xuraman Xasməmmədova, tarix müəllimi Sevda Əhmədova da iştirak edirdilər. Qala Dövlət Tarix Arxeoloji-Etnoqrafik Muzey Kompleksi daha çox maraq göstərilən məkanlardan biri hesab edilir.Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi 2008-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə Bakının Xəzər rayonunun ərazisindəki qədim Qala kəndində yaradılmışdır. Muzeyə gələnlər burada Qala kəndinin qədim tarixi ilə tanış olurlar. Dünyanın açıq səma altında yaradılmış nadir muzeylərindən olan Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksidə eramızdan əvvəl III minillikdən bu günə qədər Qala kəndində yaşayan əhalinin həyat tərzi, kurqanlar, sərdabələr, yaşayış evləri, qədim qəsrin qalıqları, 5 məscid, 3 hamam və sair canlı olaraq qorunub saxlanılmışdır. Dulusçuluq, çörəkbişirmə sexləri orta əsrlərdəki kimi bu gün də fəaliyyət göstərir. Qala abidə kompleksində Tunc dövrünə aid qayaüstü və qayaaltı yaşayış məskənləri, qayaüstü təsvirlər, qədim özüllər, ibtidai divar qalığı, X-XIV və X-XV əsrlərə aid Xəzər dənizi və Bakı şəhəri istiqamətində iki yeraltı yol, XVIII əsrin yadigarı təndir , Qavaldaş, keramika, məişət və bəzək əşyaları, silah və sikkələr, qədim yaşayış kompleksinin konservasiya olunmuş qalıqları və sair nümayiş etdirilir. 2011-ci ildə Qala Muzey Kompleksinin ərazisində Qala İnformasiya Mərkəzi, Etno-Ekoloji Mərkəz, Əntiq Əşyalar Muzeyi yaradılmışdır. Şagirdlər bu ekskursiyadan çox məmnun qaldılar.