NARKOMANİYA - BƏŞƏRİYYƏTİN BƏLASI

Nəsimi rayonu 240 №-li məktəbdə gənclərin zərərli vərdişlərdən uzaqlaşdırılması və narkomaniya ilə mübarizə məqsədilə müxtəlif mövzularda tədbirlər təşkil edilir. Belə tədbirlərdən biri də 10 mart 2016-cı il tarixdə keçirilən “NARKOMANİYA - BƏŞƏRİYYƏTİN BƏLASI” adlı maarifləndirici tədbirdir. Tədbir Nəsimi rayonu İcra Hakimiyyəti və Nəsimi rayon Polis İdarəsinin təşkilatçılığı və yaxından iştirakı ilə keçirildi. Tədbirdə Bakı şəhəri Nəsimi rayon Polis idarəsinin idarə rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi polis polkovnik-leytenantı Vüsal Rüstəmov, yetkinlik yaşına çatmayanlarla iş bölməsinin rəisi polis mayoru Firdovsi Əsədli və həmin bölmənin digər əməkdaşları iştirak edirdi. Tədbiri giriş sözü ilə məktəbin direktoru E. Məmmədova açaraq narkomaniyanın fəsadları barədə məlumat verdi, narkomaniyanın bir xəstəlik olduğunu bildirdi və qeyd etdi ki, orta məktəblərdə bu xəstəlik barədə məlumat verilməlidir. Nəsimi Rayon İcra Hakimiyyətinin nümayndəsi Vəfa xanım ölkəmizdə həm təhsil, həm də asudə vaxtın səmərəli təşkili baxımından gənclər üçün hər cür şəraitin yaradıldığı bir dövrdə narkotikdən istifadənin milli-mənəvi dəyərlərimizə zidd olduğunu vurğuladı. O, gəncləri bu bəlaya düçar olmuş insanlara biganə qalmamağa, onları doğru yola çəkməyə səslədi. Çıxış edən digər qonaqlar qeyd etdilər ki, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş və 2007-2012-ci illəri əhatə edən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqram”ın icrası ilə bağlı Dövlət Komissiyası, müvafiq nazirlik, komitə və təşkilatlar tərəfindən bu istiqamətdə mühüm işlər görülmüşdür. Çıxış edənlər bəşəriyyətin ən böyük bəlalarından sayılan narkomaniyanın insan sağlamlığına vurduğu ziyandan, narkotik maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınmasından, şagirdlərin maarifləndirilməsi işinin təkmilləşdirilməsindən ətraflı danışmış, şagirdləri maraqlandıran suallara cavab vermişlər.