Nəsimi rayonu 240 №-li məktəbdə Ümummilli lider Heydər Əliyevin anım günü

Azərbaycan xalqının ümummilli lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi Heydər Əliyev yaddaşımızda qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qalmışdır. Xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərən ikinci dövlət adamı tapmaq mümkün deyildir. Bu mənada o, xalqımızın milli iftixarı, ürəklərimizdə özünə yer tapan milli liderimiz, güvənc yerimiz, qürur duyduğumuz və arxa bildiyimiz böyük Azərbaycanlı idi.2003-cü il dekabr ayının 12-si… Həmin gün Azərbaycanın tarixinə qara hərflərlə yazıldı. Həmin gün Azərbaycan xalqı öz Böyük və Xilaskar oğlu, ümummilli lider, bu dövlətin qurucusu Heydər Əliyevi cismən itirdi. O, bizə Azərbaycan adlı sabit, hər gün inkişaf edən, dünya birliyində özünə layiqli yer tutan, özünün qurub-yaratdığı bir məmləkəti əmanət qoyub getdi. 12 dekabr – Bu gün bütün dünya azərbaycanlıları milli liderimiz Heydər Əliyevin əziz xatirəsini yad edir. Məktəbimizdə də Ulu öndərin xatirəsi böyük ehtiram və hörmətlə yad edildi .11 dekabr 2015-ci il tarixdə ilk dərslər Ümummilli liderin anım gününə həsr olundu. Dərslərdə şagirdlərə dahi şəxsiyyətin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyindən, dövlətin həyatında əvəzedilməz rolundan məlumatlar verildi , video çarxlar nümayiş etdirildi. Sinif otaqlarında,məktəbin foyesində ulu öndərin xatirəsinə ehtiram olaraq guşələr hazırlandı . Məktəbin akt zalında böyük anım tədbiri keçirildi. Tədbirdə məktəbin müəllim kollüektivi, valideynlər və şagirdlər iştirak etdilər. Tədbirdə əvvəlcə iştirakçılar ümummilli lider Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla, ehtiramla yad etdilər.Sonra xalqımızın böyük oğlu Heydər Əliyevin siyasi fəaliyyətini əks etdirən slaydlar nümayiş olundu, mənalı həyatını öz xalqına bəxş etmiş Heydər Əliyevin həyatı, zəngin siyasi fəaliyyəti haqqında danışdılar. Tədbirdə iştirak edən tarix müəllimləri Heydər Əliyevin Azərbaycan tarixindəki rolundan danışdılar. Qeyd olundu ki, Heydər Əliyev mahir psixoloq, insan qəlbinin dərin bilicisi idi. Buna görə də o xalqın sevgisini qazana bilmişdi. O, hər zaman xalq ilə nəfəs alıb, həyatının mənasını xalqına xidmətdə görüb. Xalq da həmişə Heydər Əliyevi sevib, onunla fəxr edib, onun siyasətini dəstəkləyib və etibarlı dayağına çevrilib. Tədbirdə çıxış edən məktəbin direktoru E.Ə.Məmmədova vurğuladı ki, Heydər Əliyev Azərbaycan xalqının tarixində və taleyində elə bir şərəfli həyat yaşayıb ki, onun xatirəsi Azərbaycan xalqı yaşadıqca yaşayacaqdır. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaqdır. Hal-hazırda onun layiqli davamçısı ölkə Prezidenti İlham Əliyev də mərhum Ümummilli liderimizin qoyduğu iqtisadi-siyasi kursu uğurla davam etdirir.Dahilər ölməzdirlər, tarixdə qoyduqları izlər onları əbədi edir. Bu gün Heydər Əliyevi Azərbaycan xalqı qəlbində yaşadır.