Təltif olunan müəllimlərimiz

Dekabrın 26-da Təhsil Nazirliyində “Elektron təhsil” Respublika müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Müsabiqədə əsasən, ümumi təhsil müəssisələrinin pedaqoji heyəti, pedaqoji kadrların ixtisasartırma və yenidənhazırlanması ilə məşğul olan qurumların metodist mütəxəssisləri, şagirdlər iştirak ediblər.
3 istiqamət və 6 nominasiya üzrə təşkil olunan müsabiqədə şəffaflığın təmin edilməsi məqsədi ilə qiymətləndirmə mərhələləri onlayn təşkil edilib, qəbul edilən işlər üzrə onlayn müzakirələrə şərait yaradılıb, ekspert və münsif heyəti isə müsahibə əsasında müəyyən olunub.
Müsabiqənin I mərhələsinə təqdim edilən 703 işdən 644-ü II mərhələyə - ekspertlər tərəfindən qiymətləndirilməyə təqdim olunub və nəticədə 197 iş nominant olaraq III mərhələyə keçib. III mərhələyə keçən işlər münsiflər tərəfindən onlayn olaraq qiymətləndirilərək 26 qalib və 35 fərqlənən müəyyən edilib.
Müsabiqədə fəal iştirak edən məktəbimizin İngilis dili müəllimləri Abbasova Təranə və Məhərrəmova Yaqut ‘’Elektron lövhələrin istifadəsi ilə yaradılan ən yaxşı resurs’’ nominasiyası üzrə fərqləndiklərinə görə təltif olundular. Müəllimlərimizi təbrik edir, uğurlarının daim olmasını arzulayırıq.