“Uşaq hüquqları aylığı” çərçivəsində tədbir keçirildi

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə ənənəvi olaraq 20 oktyabr - 20 noyabr tarixlərində BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü, 20 Noyabr - Ümumdünya Uşaqlar günü ərəfəsində uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının həyata keçirilməsi vəziyyətinin daha da yaxşılaşdırılması məqsədilə ölkəmizdə “Uşaq hüquqları aylığı” elan edilir. Bu münasibətlə Nəsimi rayon 23 saylı tam orta məktəbdə “Uşaq hüquqları aylığı” çərçivəsində tədbir keçirildi. Tədbirdə Nəsimi rayon məktəblərinin təhsildə fərqlənən və məcburi köçkün ailələrindən olan məktəbliləri də iştirak etdilər. Tədbir Nəsimi rayon İcra Hakimiyyəti ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə baş tutdu. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin uşaq hüquqları üzrə müşaviri Nigar Ağayeva da iştirak edirdilər. Tədbirdə qonaq qismində 240 №-li tam orta məktəbin şagirdləri də iştirak etdilər. Onlar bayrağımızın rənglərini əks etdirən geyimdə və əllərində Uşaq Hüquqlarından Konvensiyanın maddələrini əks etdirən plakatlarla çıxış etdilər. Tədbirin keçirilməsində məqsəd ölkəmizdə uşaq hüquqlarını təbliğ etmək, hüquq mədəniyyətini inkişaf etdirmək, uşaqların problemlərinin həll edilməsinə kömək göstərməkdən ibarətdir.