Beynəlxalq Muzey Günü

Hər il mayın 18-ni dünya mədəni ictimaiyyəti Beynəlxalq Muzey Günü kimi qeyd edir. Bu gün 1977-ci ildə Beynəlxalq Muzeylər Şurasının 11-ci konfransında Sovet nümayəndə heyətinin təklifi ilə təsis olunmuşdur. 1978-ci ildən etibarən bu bayram hər il 150-dən çox ölkədə qeyd olunur. Həmin gün bütün muzeylərində "açıq qapı" elan olunur. Bütün arzu edənlər pulsuz olaraq sərgi və ekspozisiyalara tamaşa edirlər.
Məhz bu əlamətdar gündə məktəbimizin ədəbiyyat müəllimi Əzəmət Quliyeva 7a sinfi ilə bərabər Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyinə və Milli Azərbaycan Tarix Muzeyinə ekskursiya etdilər.
Tarix Muzeyində şagirdlərimiz Azərbaycan xalqının qədim dövrdən bu günədək tarixini əks etdirən etnoqrafik və arxeoloji eksponatlarla, mədəniyyət abidələri, orta əsr Azərbaycan qadınlarına məxsus zinət əşyaları və geyim formaları ilə yaxından tanış oldular. Azərbaycan ərazisində mövcud olmuş dövlətlərə aid maddi və mədəniyyət nümunələri isə ölkəmizin qədim dövlətçilik ənənələrindən xəbər verirdi.
Daha sonra şagirdlər Ədəbiyyat Muzeyində Azərbaycan ədəbiyyatının ən qədim dövrlərdən müasir dövrə qədər keçmiş olduğu tarixi yolu maraqla izlədilər. Şagirdlər muzeydə müxtəlif sənədlər, əlyazmalar, kitablarla yanaşı, qədim və orta əsrlər dövrünə aid maddi mədəniyyət nümunələri, rəsm və heykəltəraşlıq əsərləri, Təbriz, Ərdəbil ,Gəncə və Bakını əks etdirən maraqlı maket və xalçalarla tanış oldular.Xalçalar içərisində Təbrizin "4 fəsil" xalçası xüsusilə şagirdlərin diqqətini cəlb etdi.
Ekspozisiya zallarında yeddincilər Nizami Gəncəvi, Xaqani Şirvani, Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Şah İsmayıl Xətai, Molla Pənah Vaqif, Mirzə Fətəli Axundov və bir sıra tanınmış şair və yazıçılara, ədəbiyyatşunaslara həsr olunmuş stendlər, fotomateriallar, rəsm əsərləri, sənədlər, kitablar, həmçinin şəxsi əşyalarla tanış oldular.
Şagirdlər muzeydə xatirə şəkilləri çəkdirdilər və xoş təəssuratlarla muzeydən ayrıldılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi