III Beynəlxalq Təlim Konfransında iştirak etdik

  Azərbaycan Müəllim İnkişafı Mərkəzinin təşkilatçılığı ilə 16 və 17 noyabr tarixlərində keçirilən “Öyrənmənin qiymətləndirilməsi” adlı III Beynəlxalq Təlim Konfransı və 18 noyabr tarixində baş tutan konfrans sonrası “Master klass” seminarlarında bizim məktəbdən də heyət iştirak etdi. Həmin heyətin tərkibində məktəbin direktoru Sevinc Hüseynova, tərbiyə işləri üzrə direktor müavini İlhamə Mirzəyeva, dil-ədəbiyyat müəllimi Aynurə Məmmədova, riyaziyyat müəllimi Kəmalə Orucova, ibtidai sinif müəllimləri: Mətanət Rüstəmova, Gülnar Abdullayeva və Xəyalə Əzizova var idi.

  Bu ilki konfransın mövzusu öyrənmənin qiymətləndirilməsi idi. Konfrans zamanı iştirakçılar qiymətləndirmənin əsas prinsipləri və formativ qiymətləndirmənin mahiyyətinə dərindən yiyələndilər. Bundan başqa, konfrans iştirakçıları öyrənmənin məqsədi və uğur meyarlarının düzgün müəyyənləşdirilməsi, şagirdlərin daimi inkişafı üçün onlara effektiv rəyin verilməsi, şagirdlərlə aparılan səmərəli sinif müzakirələri, suallar və tapşırıqların idarə olunması və şagirdlərin tədris prosesi zamanı bir-birinə kömək etməsi yolları ilə yaxından tanış oldular.

  Konfransa tanınmış beynəlxalq məruzəçilər dəvət olunmuşdur. Məruzəçilər arasında dünyada tanınmış qabaqcıl və təcrübəli təhsil işçiləri olan Hanna Filips, Stiven Kruks, Karli Maquayr, Andy Griffits, Karen Syuell və AMİM-in qiymətləndirmə üzrə aparıcı mütəxəssisi Xədicə Cəfərova da yer alırdı. Xədicə Cəfərova “Qiymətləndirmənin praktikada reallaşdırılması- Azərbaycan məktəblərindəki problemlər və onların həlli” mövzusunda məruzə ilə çıxış etdi.

  18 noyabr tarixində baş tutan konfrans sonrası “Master klass” seminarlarında da bizim məktəbın nümayəndələri iştirak etdi. Onların seçimi AMİM-in qiymətləndirmə üzrə aparıcı mütəxəssisi Xədicə Cəfərovanın seminarı oldu.

  Həm konfransdan, həm də seminardan əldə etdikləri bilikləri heyətimiz məktəbimizin müəllim kollektivi ilə bölüşərək paylaşdılar.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi