2019-cu il - “Nəsimi ili”

  Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti Sərəncam imzalamışdlr. 
  Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin zəngin irsi bu gün də insanların mənəvi-əxlaqi dəyərlərinin kamilləşməsində mühüm əhəmiyyətə malikdir. 
  Şərq xalqlarının mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yer tutan Nəsimi yaradıcılığı uzun illərdən bəri elmi-ədəbi fikrin diqqət mərkəzindədir. Şairin irsinin ölkəmizdə sistemli tədqiqi və təbliği ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Nəsiminin 600 illik yubileyinin keçirildiyi vaxta təsadüf edir. Böyük söz ustasının 600 illiyinin YUNESKO-nun görkəmli şəxsiyyətlərin və əlаmətdаr hadisələrin yubileyləri siyahısına daxil edildiyi və beynəlxalq miqyasda qeyd olunduğu həmin dövrdən etibarən Nəsimi ilə bağlı çox sayda araşdırmalar aparılmışdır. Qüdrətli şairin yaradıcılığının üzə çıxarılan əlyazma nüsxələri əsasında öyrənilməsi Azərbaycan dili və ədəbiyyatı tarixinin tədqiqində yeni mərhələ açmışdır. Nəsiminin əsərləri ölkəmizdə dəfələrlə işıq üzü görmüşdür. Şairin əsərləri Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 12 yanvar 2004-cü il tarixli Sərəncamına əsasən, kütləvi tirajla nəşr olunaraq ölkə kitabxanalarına hədiyyə edilmişdir.
  Ötən illər ərzində Nəsiminin xatirəsinin əbədiləşdirilməsi istiqamətində silsilə tədbirlər həyata keçirilmiş və onun ədəbiyyatda, incəsənətdə parlaq obrazı yaradılmış, eləcə də 1979-cu ildə ölkəmizin paytaxtında heykəli ucaldılmışdır.
  2017-ci ilin may ayında Parisdə YUNESKO-nun baş qərargahında Nəsiminin vəfatının 600 illiyi qeyd edilmiş, 2018-ci ilin sentyabr ayında ölkəmizdə ilk dəfə Nəsimi şeir, incəsənət və mənəviyyat festivalı keçirilmişdir.
  2019-cu ildə Nəsiminin anadan olmasının 650 illiyi tamam olur. Azərbaycanın hər bir yerində, bütün təhsil müəssisələrində "Nəsimi ili" qeyd olunur. 
  210 №-li tam orta məktəbdə də görkəmli Azərbaycan şairinə həsr olunmuş silsilə tədbirlər keçirilir. Dahi şairə həsr olunan növbəti tədbir məkəbimizin kitabxana müdiri Dilqəm Muratxanova və Azərbaycan dili və ədəbiyyat müəllimi Minayə Allahverənova Əli qızının 6"A" və 6 "B" sinifləri ilə birgə Nəsimi əsərlərinin sehrindən bəhs edən tədbir keçirmişdir. Şagirdlər şairin həyat və yaradıcılığı, şeirlərinin tədqiqatı haqqında topladıqları məlumatları təqdim edərək onun şeirlərindən nümunələr səsləndirdilər. Məktəbin şagirdinin ifa etdiyi tarın müşayəti ilə səslənən şeirlər tədbirə xüsusi zövq və gözəllik qatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi