Nəriman Qəzənfər oğlu Həmidov
Nəriman Qəzənfər oğlu Həmidov 1948-ci ilin 27 oktyabrında Bakı şəhəri Bülbülə qəsəbəsində anadan olmuşdur. 1956-cı ildə 208 №li tam orta məktəbin I sinfinə daxil olaraq 1966-cı ildə həmin məktəbin X sinfini bitirmişdir.1967-ci ildə Politexnik İnstitutuna qəbul olmuş, 1972-ci ildə bitirmişdir. 5 dil bilən Nəriman həm savadlı mühəndis, artilleriya üzrə güclü mütəxəssis, həm də vətənini ürəkdən sevən, onun tarixi ilə maraqlanan, könüllü olaraq cəbhəyə atılan əsil vətəndaş idi. 90-cı illərdə baş verən hadisələr, vətən qeyrəti, vətəndaş məsuliyyəti onu cəbhələrə səslədi. 1992-ci il may ayının 23-də Nəriman 44 yaşında cəbhəyə yollandı. Ailə həyatından 6 ay keçməsinə baxmayaraq, Nəriman Cəbrayıl, Füzuli zonalarında ağır döyüşlərə atıldı. O ağır döyüş yolu keçdi. Bu döyüş yoluna 1992-ci il sentyabr ayının 23-də son qoyuldu.
23 may 1992-ci ildə Füzuli bölgəsində gedən döyüşlərdə iştirak etmişdir. Batareya komandiri olan Nəriman Hoqa kəndi uğrunda gedən döyüşlərdə düşmənin altı lüləli qrad qurğusunu, Çartaz istiqamətində hücum zamanı 2 tankını, 1 PDM-ni, 1 topunu məhv etmişdi. Ertəsi günü Çartazda düşmənin 1 silah anbarını, 2 tankını, Martinidə 1 tank, 1 PDM-ni, silah gətirən zaman Belarus markalı tankını, silah anbarını, Martinidəki 2 düşmən əsgərini məhv etmişdir.
Baş leytenant Nərimanın rəhbərlik etdiyi batalyon düşmənə ağır itkilər verdi. Erməni kəşfiyyatı onun məhv edilməsi üçün yüksək məbləğdə mükafat vəd etmişdi.
Təsadüfdənmi, zərurətdənmi səbəbi məlum olmayan, bu günə qədər müəmmalı qalan ölüm, ona arzularını həyat keçirməyə, vətəni azad görməyə imkan vermədi.
23 sentyabr 1992-ci ildə açılan səhər Həmidovlar ailəsinə - mühəndis Qəzənfər ataya, həkim Zeybə xanım anaya ağır, faciəli xəbəri çatdırdı.
22 sentyabr 1995-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 215 №li qərarı ilə Nəriman Qəzənfər oğlu Həmidovun oxuyub təhsil aldığı məktəbə - 208 №li tam orta məktəbə onun adı verilmişdir. Məktəb 2014-cü ilin sentyabrından təmirə bağlanmış, onun büstü və heykəli yoxdur.