FƏXRİMİZ

    Hatəm Əjdər oğlu İskəndərov

 

     Hatəm Əjdər oğlu İskəndərov 1971-ci il oktyabr ayının 16-da Buzovna qəsəbəsində, Əjdər atanın, Xanım ananın ailəsində dünyaya göz açdı. O, ailənin ilk övladı idi. Lap kiçik vaxtlarından hər şeylə maraqlanardı, yaşıdlarından fərqli olaraq çox inadkar, sözünün üstündə duran bir uşaq idi.

     Hatəm ilk təhsilini 206 nömrəli tam orta məktəbdə almış, 8 il elmin sirlərinə yiyələndi. Sonra təhsilini davam etdirmək üçün 26 nömrəli məktəbdə oxumağa davam etdi. Orta məktəbi bitirdikdən sonra Keşlə qəsəbəsindəki 149 nömrəli texniki-peşə məktəbinə daxil oldu, bir müddət çay çəkiçi fabrikində əmək fəaliyyətinə başladı. Hatəm artıq əsgərlik borcunu vermək yaşına çatmışdı. Hamı kimi onu da 1989-cu ilin noyabr ayında hərbi xidmətə yola saldılar. Hatəmin Belarusiyanın Brest şəhərində xidmət illəri başladı. Uşaqlıqda olduğu kimi hər şeylə maraqlanan Hatəm hərbi texnikanın sirlərinə yiyələnir,əsgər həyatı çətinliklərlə bağlı olsa da, o risk etməkdən çəkinmirdi. Hatəmin ilk ömür yolu, xidmət illəri sərhədlə bağlı oldu, ən çətin tapşırığın öhdəsindən bacarıqla, layiqincə gəldi. Həyatın ilk imtahanından çox uğurla çıxdı. Başı uca doğmalarının yanına qayıtdı.

      Hərbi xidmətdə texnikaya mükəmməl yiyələnən Hatəm Azərbaycanda ermənilərin törətdikləri vəhşiliklərə göz yuma bilmirdi. Mavi ekranda od tutub yanan torpaqlarımızı, ana-bacıların ah-naləsi, al qana bürünən körpələrə edilən vəhşilikləri, işgəncələri görəndə Hatəm özünə yer tapmırdı, ermənilərin hərəkətlərini heç cürə başa düşə bilmirdi. Çörəyimizi yeyənlər, süfrəmizin başında əyləşən bu nankorlar xalqa zülm edir, qan tökür, fəlakətlərə səbəb olurdular. Bir qarış torpaq üstdə ölənləin sayı bilinmirdi. Torpağın ah-naləsi ərşə qalxırdı. Artıq son qərar verilmişdi. Könüllü olaraq cəbhəyə getmək, vətənin dar günündə ona arxa durmaq, öz istək və arzularından keçməyi bacarmaq məqamı çatmışdı. Çağırış vərəqəsi gəldi. O, sevinirdi. Anasının göz yaşlarını, atasının kədərini hiss etmirdi. Tezliklə cəbhədə olmağı arzulayırdı. Yolu Füzuli bölgəsinə düşdü. Müharibənin canlı şahidinə doğma elində, öz yurdunda çevrildi. İntizarla yol gözləyən valideynlərinə tez-tez zəng edir, salamat olduğunu deyirdi.

      Amma ön cəbhədə gördüklərini, çəkdiyi əzabları dilinə gətirmirdi. Mühasirəyə düşdüyünü, ac-susuz qaldığını gizlədirdi. Ən ağır əməliyyatlarda öndə gedirdi. Qorxu hissi ona yad idi. Brestdə qazandığı sərhədçi vərdişləri əlindən tutur, çox zaman ağır döyüşlərdən salamat çıxırdı. Hissə komandiri Hatəmi döyüş igidliyinə görə qısa müddətli ezamiyyətə buraxacaqdı. Bu barədə evdəkiləri də xəbərdar etmişdi.

      Hatəm isə vətən və ölüm qarçısında borcunu vermişdi. Ömür körpüsündə əbədi yuxuya getmişdi. Onun vətənə, anaya olan sevgisi vulkana döndü, püskürdü, özünü də yandırdı. Ölməzlik dünyasının əbədi sakini kimi 7 sentyabr 1992-ci ildə Buzovnanın ilk şəhidlərindən oldu. Vətən yolunda can verdi, vətəni yaşatmaq üçün cəmisi 21 il ömür sürdü. Son günlərini, son saatlarını Aşağı Veysəlli kəndi uğrunda gedən döyüşlərdə yaşadı. Qəfil gələn düşmən gülləsi onu əbədi susdurdu. Milli Ordu sıralarına könüllü gedən Hatəm Əjdər oğlu doğma Buzovnasına şəhid Hatəm kimi qayıtdı.

      Əlaqədar təşkilatlar Hatəm İskəndərovun adını əbədiləşdirmək üçün vaxtilə oxuduğu 206 nömrəli məktəbə onun adını verdi. Hal-hazırda məktəbimiz onun adını daşıyır. Birinci mərtəbədə dəhlizdə Hatəm İskəndərovun büstü qoyulub, keçdiyi döyüş yolu ilə bağlı guşə yaradılıb. Hər il məktəbimiz şəhidin ildönümünü qeyd edir. Abidəsi önünə gül dəstələri qoyur, məzarını ziyarət edirlər.

     Nəsillər biri-birini əvəz edir. Səni xatirələrində yaşadanların sayı ildən-ilə artır. Sən  heç vaxt unudulmayacaqsan!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi