VI siniflərdə maraqlı STEAM dərsləri

Məktəbin 6-cı sinif şagirdləri STEAM dərsini çox bəyənirlər. Onlar Tinkercad proqramında müxtəlif 3 D məhsullarını qurmağı, dizayn verməyi və 3D printerdən çapa verməni bacarırlar.STEAM təhsil metodu şagirdlərə beş sahənin, Elm (Science), Texnologiya (Technology), Mühəndislik (Engineering), İncəsənət (Art) və Riyaziyyatın (Math) birgə və inteqrasiya olunmuş şəkildə tədrisi ideyası üzərində qurulub. Layihə ilə əlaqədar nazirlik tərəfindən steam.edu.az portalı da istifadəyə verilib. Layihənin məqsədi müasir təhsil çağırışları əsasında inkişaf etmiş ölkələrdə tətbiq edilməyə başlanılan təhsil yeniliklərinin ölkəmizdə tətbiqi imkanlarının öyrənilməsi və tədrisidir.
Son illərdə dünya təhsil sistemində ən mühüm trendlərdən biri kimi aktuallıq qazanan STEAM-təhsil müasir təhsil fenomeni kimi peşəkar səriştələrə malik mütəxəssis hazırlığında mühüm istiqamət kəsb etməkdədir. Onun hədəfi şagirdlərdə yüksək mütəşəkkil düşüncəni inkişaf etdirmək və əldə olunmuş biliklərin layihə təlimi vasitəsilə təbii elmlər, texnologiya, mühəndislik, riyaziyyat və incəsənət kimi fənlərdə səmərəli tətbiqinə nail olmaqdır. Məktəblərdə STEAM şagirdlərə kommunikasiya, komandada işləmək, kritik və yaradıcı düşüncəni tətbiq etmək kimi XXI əsr bacarıqlarından istifadə olunmaqla yaradıcı öyrənməni təmin edir. STEAM təhsili praktik məşğələlər vasitəsilə elmi, texniki biliklərin gündəlik həyatda tətbiqini şagirdlərə göstərir. Bu yanaşma şagirdlərə mühəndislik səriştələri öyrədərək, onların real həyatda problemlərin həlli zamanı tətbiqini aşılayır. STEAM fənləri şagirdləri hansı peşə seçmələrindən asılı olmayaraq həyata hazırlayır. STEM abbreviaturasına əlavə olunan +A (art-incəsənət) təhsilalanlar üçün vacib hesab edilir. Çünki istər-istəməz layihə məhsullarının ərsəyə gəlməsi zamanı incəsənət sahələrinə inteqrasiya olunur. Eyni zamanda, STEAM humanist yanaşma, mənəviyyat, ümumi mənafeyə xidmət etmə məqsədləri daşıyır.