Məktəb kollektivi anım yürüşündə

Xocalı faciəsinin 27-ci ildönümü ilə bağlı Bakıda anım yürüşü keçirilib. Aksiyada on minlərlə insanla yanaşı 162 nömrəli məktəbin rəhbərliyi və müəllim kollektivi də iştirak edib. Prezident İlham Əliyev, hökumət üzvləri, Milli Məclisin deputatlarının qatıldığı yürüşdə müharibə və insanlığa qarşı cinayətləri pisləyən şüarlar qaldırılıb. Yürüş Azadlıq meydanından başlayaraq Xətai rayonu ərazisində ucaldılmış “Ana fəryadı” abidəsinin önündə başa çatıb.
Azərbaycan Xarici İşlər Nazirliyinin Xocalı faciəsinin 27-ci ildönümü ilə bağlı bəyanatında deyilir ki, münaqişədən əvvəl Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalı şəhərində 7000 insan yaşayıb. 1991-ci ilin oktyabrından şəhər tamamilə Ermənistan silahlı qüvvələri tərəfindən mühasirəyə alınıb. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə kütləvi artilleriya zərbələrinin ardınca Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə Xocalıya hücum edib,” sənəddə qeyd edilir
Bəyanatda deyilir ki, Xocalı faciəsi zamanı şəhərin 5379 nəfər əhalisi deportasiya olunub, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalıb (onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil), 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 8 ailə tam məhv edilib, 130 uşaq valideynlərinin birini, 25 uşaq isə valideynlərinin hər ikisini itirib, 613 nəfər, o cümlədən 63 uşaq və 106 qadın öldürülüb. “Ermənistan silahlı birləşmələri tərəfindən Xocalı şəhərinin işğal edilməsi ilə əlaqədar Azərbaycan dövlətinə və vətəndaşlarına 170 milyon ABŞ dollarından artıq ziyan vurulub,” sənəddə deyilir.