Azərbaycanın qızıl beyinləri

Son dövrlərdə Təhsil Nazirliyi istedadlı şagirdlərin aşkara çıxarılaraq beynəlxalq olimpiadalara cəlb edilməsinə xüsusi diqqət yetirir. Beynəlxalq yarışda iştirak və oradan nəticə ilə qayıtmaq o qədər də asan məsələ deyil. Bir neçə gün çəkən olimpiadada 6 şagirdlə iştirak həftələrlə, aylarla çəkən uzun, çətin və intensiv hazırlıq prosesi tələb edir. Şagirdlər dərinləşdirilmiş proqram əsasında intensiv məşqlərə cəlb edilir və çox ciddi hazırlıq mərhələsindən keçirlər. Hazırlıq mərkəzlərində beynəlxalq olimpiadalara hazırlıq yalnız dəqiq fənlər üzrə aparılır. Olimpiadaçılar il ərzində 15-dən artıq beynəlxalq yarışa qatılırlar. Şagirdlər beynəlxalq yarışlara qatılmaq üçün hər hansı ödəniş həyata keçirmirlər. Burada əsas fəlsəfə həm də olimpiadaya hazırlıq üçün sinerji effekti yaratmaqdır.Təhsil Nazirliyinin bilavasitə təşkilatçılığı ilə Fizika, Riyaziyyat, İnformatika təmayüllü liseydə olimpiada dərsləri keçmək üçün həm ölkəmizin müxtəlif bölgələrindən müəllimlər, həm də dünyanın müxtəlif yerlərində təhsil alan, dərs deyən istedadlı həmyerlilərimizin gücü səfərbər olunmuşdur. Sevindirici haldır ki, bu il ilk dəfə olaraq 162 nömrəli məktəbin 8-ci sinif şagirdi, ötən il fənn olimpiadasının qalibi olmuş Rafael İsgəndərov da beynəlxalq yarışlara hazırlıqlara cəlb olunmuşdur.