Məktəb radio qovşağı fəaliyyətə başladı

"Diqqət! Diqqət! Danışır Səbail rayonu E.Əliyev adına 162 nömrəli məktəbin radio qovşağı!" Dekabr ayının 10-dan etibarən məktəbin şagird və müəllim kollektivi hər gün bu sözləri eşidə biləcək, çünki məhz həmin gündən etibarən 162 nömrəli məktəbin radio qovşağı ilk dəfə fəaliyyətə başlayacaqdır. Radio qovşağı ilə ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə Azərbaycan Respublikası təhsil nazirinin müvafiq əmrinin 2.7-ci bəndinə əsasən Azərbaycançılıq ideologiyasının mahiyyətinin izahı və təbliği, müstəqilliyimizin simvolu olan dövlət rəmzlərinin hər bir şagird tərəfindən dərindən dərk olunması istiqamətində məqsədyönlü təbliğat işlərinin aparılması planlaşdırılır. Eyni zamanda, radio qovşağı ilə istedadlı şagirdlərin nailiyyətləri, məktəbin qazandığı uğurlar vəs. haqqında mütəmadi məlumat veriləcək, şagirdlərdə zərif və incə zövqün formalaşdırılması məqsədi ilə böyük tənəffüs zamanı klassık və Azərbaycan xalq musiqisi səsləndiriləcəkdir.