FLL turnirinə hazırlıq komanda işidir

Təhsil Nazirliyinin "Lego education" layihəsi çərçivəsində 2019-cu ilin aprel ayında növbəti FIRST LEGO League (FLL) – 10-16 yaşlı məktəblilər üçün STEM (elm, texnologiya, mühəndislik və riyaziyyat) əsaslı robot texnologiyaları turniri keçiriləcəkdir. FLL şagirdləri əyləncəli bir mühitdə real elm və texnologiya problemləri ilə qarşılaşdırır və onların həll yollarını araşdırmaqla, dünyagörüşlərini zənginləşdirən qeyri-adi bir təcrübədir. Bu il turnirdə 162 nömrəli məktəb ilk dəfə iştirak edəcək. Məktəbi mötəbər turnirdə təmsil edəcək 6 nəfərdən ibarət komanda üzvləri 8-10-cu sinif şagirdləri arasından seçilmişdir. Komandanın kapitanı məktəbin gənc ibtidai sinif müəllimi Rəna Mirzəliyeva, kapitan köməkçisi isə riyaziyyat-informatika müəllimi Marina Nəzərovadır. Bu məqsədlə komanda rəhbərləri 20-21 noyabr tarixlərində təşkil olunmuş Azərbaycan FLL 2018-2019 mövsümü üzrə məlumat sessiyalarında iştirak etmişlər. Bu sessiyalar FLL turnirinə hazırlıqlara başlamaq üçün faydalı görüş oldu. Komanda üzvləri qarşıdan gələn turnirə olduqca həvəslə hazırlaşırlar.