"Azad köhlən" ürəkləri fəth etdi

11 R sinif şagirdi, dünyaya rənglərin gözü ilə baxan istedadlı gənc rəssam Aida Çələbilini məktəbdə hamı yaxşı tanıyır! Onun hər rəsminin dünyaya deyəcək bir sözü var: birində barışı, sülhü anladır, birində müharibələrin bəşəriyyətə vurduğu yaraları, birində uşaqların şıltaqlığını və s. Amma heç bir əsərində mənfi enerji yoxdur, qarşısındakına bədbinlik aşılamır. Aida bu dəfə şanlı bayrağımızın 100 illiyi ərəfəsində öz bayraq sevgisini rənglərin köməyi ilə ifadə etməyə çalışıb. Belə ki, Aida Çələbili Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə "Dövlət Bayrağı Günü" münasibətilə həyata keçirilən Bakı şəhəri orta ümumtəhsil məktəblərinin şagirdləri arasında "Mənim bayrağım" mövzusunda keçirilən rəsm müsbiqəsində yağlı boya ilə işlədiyi "Azad köhlən" rəsm əsəri ilə çıxış etmiş və fərqləndiyinə görə tədbir təşkilatçıları tərəfindən təltif olunmuşdur.