STEAM dərsi

Yer kürəsində mövcud olan bütün canlı orqanizmlər DNT-yə (dezoksiribonuklein turşusu) malikdirlər. Hansı canlı olmağından asılı olmayaraq, istər insan olsun istərsə də bakteriya, bitki, göbələk və ya hər hansı heyvan - hüceyrələrində DNT-yə rast gəlmək mümkündür (çox nadir kənaraçıxmalar vardır). DNT, hüceyrənin nüvəsində genetik kodu daşıyan bir kimyəvi maddədir. Saç rəngi, göz rəngi, boyu və digər fiziki xüsusiyyətləriniz DNT ilə müəyyən edilir. Bu birləşmələr ilk dəfə hüceyrənin nüvəsində tapıldığı üçün bu cür adlandırılmışdır (lat. “nukleus”-nüvə). Lakin sonralar onların mitoxondri, plastidlər kimi orqanoidlərdə də olması məlum olmuşdur. Ümumilikdə isə hüceyrədə iki tip nuklein turşuları – dezoksiribonuklein (DNT) və ribonuklein (RNT) turşuları olur. Bu birləşmələr hüceyrənin irsi xüsusiyyətlərinin saxlanılmasında və irsən nəslə ötürülməsində iştirak edir. Elə bu səbəbdən də təsadüfi deyil ki, onları bəzən irsiyyət maddələri də adlandırırlar.
8-ci siniflərin maraqlı STEAM dərslərindən...