Milli Qəhrəmanın xatirəsi anıldı

Azərbaycanın Milli Qəhrəmanı Mirələkbər İbrahimovun əziz xatirəsi onun adını daşıdığı Bakı şəhər 153№li tam orta məktəbdə anıldı. Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi, respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad  edildi.

 Mərasimdə çıxış edənlər Milli Qəhrəmanın mənalı həyat və qəhrəmanlıqla dolu döyüş yolundan danışdılar.  Məlumat verildi ki , İbrahimov Mirələkbər Mirələsgər oğlu 30 sentyabr 1961-ci ildə Qərbi Azərbaycanın Vedibasar mahalının Xalisə kəndində anadan olub. Sonra ailələri ilə Bakıya köçüb. 1978- ci ildə Bakıdakı 158№li tam orta məktəbi bitirərək hərbi xidmətə gedib. 1980-ci ildə ordudan tərxis olunan gənc Azərbaycan Dövlət Pedaqoji Universitetinin idman və hərbi hazırlıq fakultəsinə daxil olub. Lənkəran rayonunda və Bakı şəhər 153№li  tam orta məktəbdə ibtidai hərbi hazırlıq müəllimi işləyib.

Daşaltı, Malıbəyli, Kərkicahan qırğınlarından hiddətlənən M.İbrahimov cəbhəyə getməyi qərar verir. 1993-cu ildə yenicə yaradılmış 5-ci Yasamal taboruna komandir təyin edilir. Mirələkbər öz taboru ilə Füzuli rayonunun Alxanlı, Kürdmahmudlu, Aşağı Seyidəhmədli kəndləri uğrunda gedən döyüşlərdə mərdliklə vuruşub.

           5 mart  1994-cü ildə Mirələkbərin son döyüşü olur. Döyüşçülərimiz Qorxan kəndinin erməni işğalçılarından azad edilməsi üçün irəli atılırlar. Qüvvələrin qeyri- bərabər olmasına baxmayaraq kənd geri alınır. Lakin düşmən gülləsi Mirələkbərdən yan ötmür. O Füzuli döyüş bölgəsində gözlərini əbədi yumur.

           Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə kapitan İbrahimov Mirələkbər Mirələsgər oğluna  ölümündən sonra  Azərbaycanın Milli Qəhrəmanı adı verilib. Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib.

           Vaxtilə dərs dediyi 153№li tam orta məktəb indi onun adını daşıyır.

Tədbirdə məktəblilərin ifasında ədəbi - bədii kompozisiya təqdim olundu.  Mirələkbər İbrahimovun  yaxınları və tədbir iştirakçıları məktəbdə yaradılmış Qarabağ tarixi muzeyində şəhidin fotoları  ilə tanış oldular.   

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi