Valideynlərlə maarifləndirici seminar

Bu gün məktəbdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 20.05.2019-cu il F-233 nömrəli əmrinin icrası məqsədi ilə valideynlərlə maarifləndirici seminar keçirildi. Məktəbin 7a sinif şagirdlərinin valideynləri ilə təşkil olunan seminar “Yeniyetməlik yaş dövrünün xüsusiyyətləri, problemləri” mövzuna həsr olunmuşdu. Seminarda məktəb direktoru Q.Sultanova, psixoloq S.Orucova, UBR T.İbrahimova, 7a sinfinin rəhbəri M.Əsgərova və digər fənn müəllimləri iştirak edirdilər.
Görüşdə “valideyn-övlad”, “müəllim-şagird”, “müəllim-valideyn” münasibətləri, uşaqların erkən inkişaf dövründə aldıqları psixoloji travmaların onların növbəti yaş böhranlarında müxtəlif pozuntulara səbəb olma riskinin artması ilə bağlı maarifləndirici söhbətlər aparıldı, eləcə də şagirdlərin fərdi xüsusiyyətləri haqqında mövzular müzakirə edildi. Seminarda həmçinin, valideynlərə övladlarının dərsə davamiyyəti, dərslərinə nəzarət, davranışlarına diqqətin artırılması mövzusunda tövsiyələr edildi, səmərəli fikir mübadiləsi keçirildi. Tədbirin sonunda valideynlərlə sorğu aparıldı, onların rəy və təklifləri dinlənildi.
Valideynlərlə bu növ maarifləndirici seminarların keçirilməsində məqsəd məktəbdə əlverişli təlim və inkişaf mühitinin təmin olunması, şagirdlərin sağlamlığı və təhlükəsizliyinin təmin edilməsi, tərbiyə işinin, məktəb-ailə münasibətlərinin düzgün tənzimlənməsi, məktəbdə sağlam mənəvi- psixoloji mühitin yaradılmasıdır.