Direktoryanı müşavirə

Bildiyimiz kimi, məktəb rəhbərlərinin pedaqoji kollektivlə işinin, o cümlədən təlim-tərbiyə prosesinin təkmilləşdirilməsində istifadə vasitələri çoxdur və bunların arasında Pedaqoji Şura, Direktoryanı müşavirə kimi rəhbərlik formaları xüsusi yer tutur. Xatırladaq ki, məktəb rəhnbərləri pedaqoji Şura və direktoryanı müşavirələrdə müəllimlərin təlim-tərbiyə sahəsindəki gündəlik fəaliyyətlərini müzakirə etməklə onlara konkret pedaqoji istiqamət verir, operativ məlumatları nəzərlərinə çatdırır.
Elə bu səbəbdən də bu gün direktoryanı müşavirə keçirildi. Müşavirədə məktəbin direktoru Q.Sultanova, tərbiyə işləri üzrə direktor müavini K.Mirzəliyeva və fənn metodbirləşmə rəhbərləri iştirak edirdilər.Qənirə xanım ilk öncə müşavirə iştirakçılarına müəllimlərlə aparılan kollektiv işin əsasən məktəbin struktur bölməsi olan metodbirləşmədə mərkəzləşdiyini xatırlatdı, müəllimlərin peşəkarlıq səviyyəsinin daha çox qoyulmuş işin kollektiv forması olduğunu vurğuladı. Məktəb rəhbəri daha sonra, Azərbaycan Respublikası Təhsil nazirinin 13 may 2019-cu il tarixli F-260 nömrəli əmri ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələrində əlverişli təlim və inkişaf mühitinin təmin edilməsi üzrə əlavə tədbirlər barədə Fəaliyyət Planı”nda nəzərdə tutulmuş həlli vacib məsələlərdən danışdı. Müşavirədə həmçinin, metodbirləşmə proqramlarının "llik Fəaliyyət Planı"nda göstərilən bölmələr üzrə tərtib edilməsi tövsiyə olundu, "Fəaliyyət Planı"nın müvafiq bölmələrinə uyğun olaraq fənn olimpiadalarına, eləcə də ümumi orta və tam orta təhsil üzrə imtahanlara hazırlıq və s. məsələlərə də toxunuldu. Görüşdə eyni zamanda, pedaqoji əməkdaşlığın gücləndirilməsi və digər məsələlər-məktəbdə əlverişli təlim və inkişaf mühitinin yaradılması, şagirdlərin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi, tərbiyə işinin, məktəb-ailə münasibətlərinin düzgün tənzimlənməsi, məktəbdə psixoloji xidmət və sağlam psixoloji mühitin rolu barədə də geniş məlumat verildi.