Müasir Bakının rəmzi-Heydər Əliyev Mərkəzinə ekskursiya

Məktəbdə Azərbaycan tarixində müstəsna xidmətləri olmuş tarixi şəxsiyyyətlərin tanıdılması,Azərbaycanın ərazi bütövlüyü uğrunda şücaət göstərmiş döyüşçülərin, o cümlədən Milli Qəhrəmanların gənclər arasında tanıdılması ilə bağlı layihələrin həyata keçirilməsi ilə əlaqədar tədbirlər planına uyğun olaraq müvafiq tədbirlər və ekskursiyalar təşkil olunur.
Elə bu səbəbdən də bu gün Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı və məktəbin VIII, IX və X siniflər üzrə bir qrup şagirdin iştirakı ilə Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olundu. Ekskursiyanın təşkil olunmasında məqsəd Heydər Əliyev irsinin öyrənilməsi, yeni nəslin milli-mənəvi dəyərlər və ənənələrə bağlı ruhda böyüməsi, Azərbaycan və dünya tarixi, mədəni və elmi-texniki tərəqqi barədə biliklərinin artırılmasından ibarətdir. Xatırladaq ki, təlimata müvafiq olaraq ekskursiyaya 60 nəfər şagird cəlb olunmuşdur. Gəzintiyə məktəbin təşkilati işlər üzrə direktor müavini K.Mirzəliyeva və ingilis dili müəllimi Aynur Əliyeva rəhbərlik edirdi.
Ekskursiya zamanı mərkəzin əməkdaşları iştirakçılara qeyri-adi, orijinal quruluşa malik olan bina haqqında məlumat verməkə yanaşı, müasir Bakının rəmzlərindən biri hesab edilən Mərkəzdə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin bütün dövrlərini əhatə edən video və fotoarxiv, sənədlər, eləcə də müxtəlif eksponatların nümayiş etdirildiyini bildirdilər. Əməkdaşlar həmçinin Mərkəzdə dahi şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyətinə dair məlumatların ən son texnoloji yeniliklərdən istifadə edilməklə interaktiv formada təqdim olunmasını da ekskurçiyaların nəzərinə çatdırdılar.
İştirakçılar eyni zamanda Heydər Əliyev Mərkəzində nümayiş etdirilən “Azərbaycan inciləri” sərgisi ilə də tanış olublar. Onlar sərgi vasitəsilə qədim tarixə, mədəniyyətə, ədəbiyyata, adət-ənənələrə sahib olan ölkəmiz haqqında maraqlı məlumatlar əldə etdilər. Ekspozisiyada nümayiş etdirilən qayaüstü rəsmlər, müxtəlif dövrlərə aid arxeoloji tapıntılar, etnoqrafik məmulatlar, numizmatik əsərlər, milli geyim və zərgərlik nümunələri məktəblilərdə xoş təəssürat oyatdı.