«Xeyir və Şər» məzmun hekayəsinin müzakirəsi keçirildi

Bu gün məktəb kitabxanasında 5b sinif şagirdlərinin iştirakı ilə Azərbaycan və dünya ədəbiyyatının parlaq simalarından biri olan Nizami Gəncəvinin “Yeddi gözəl” poemasından “Xeyir və Şər” hekayəsinin müzakirəsi keçirildi. Kitabxanaçı Xatirə Rəsulovanın rəhbərliyi ilə təşkil olunan görüşdə əvvəlcə Nizami Gəncəvinin həyat və yaradıcılığı haqqında danışıldı. Daha sonra şairin «Xeyir və Şər» məzmun hekayəsinin əsasını xeyirxahlıqla bədxahlığın, yaxşılıqla pisliyin mübarizəsinin təşkil edilməsi müzakirə olundu, şagirdlərin təqdimatında əsərdən müəyyən şeir parçaları, o cümlədən mövzuya dair atalar sözü və bayatılar səsləndirildi. Şagirdlər eyni zamanda hekayədəki Xeyir və Şər surətini təhlil etməklə yanaşı əsərdə cərəyan edən hadisələri müasir dövrümüzdə baş verənlərlə əlaqəli şəkildə müqayisə etdilər,eyni zamanda Xeyir və Şər mövzusunu şifahi xalq ədəbiyyatı ilə əlaqələndirdilər, onlara ünvanlanan sualları da cavablandırdılar.
Tədbirin sonunda əsərin ideyasından çıxan yekun nəticəyə görə yer üzündə həmişə xeyirin şər üzərində qalib gələcəyindən bəhs olundu, məhz bu yüksək ideyasına görə də, əsərin bu gün də diqqət mərkəzində və oxucular tərəfindən sevilə-sevilə oxunması vurğulandı.Müzakirə şagirdlərin aktiv iştirakı ilə müşayiət olundu.
Tədbirdə təşkilati işlər üzrə direktor müavini K.Mirzəliyeva, Azərbaycan dili və ədəbiyyat müəllimi H.Həsənova iştirak etdi.