Əbədiyyət üfüqünün günəşi- NƏSİMİ
İMAMƏDDİN NƏSİMİ- Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarından biri.
O,Şərqin zəngin mədəni-mənəvi sərvətləri üzərində ucalmış və bədii söz sənətinin son dərəcə qiymətli incilərini meydana gətirmişdir. Mütəfəkkir şairin dərin poetik fikirlərlə fəlsəfi görüşlərin vəhdətində olub, dövrün elmi-fəlsəfi düşüncəsinin aydın ifadəçisinə çevrilmiş müstəsna əhəmiyyətli ədəbi irsi qədim köklərə və çoxəsrlik ənənələrə malik Azərbaycan ədəbiyyatı tarixində xüsusi mərhələ təşkil edir.
Bildiyimiz kimi, 2019-cu ildə Nəsiminin anadan olmasının 650 illiyi tamam olur. Xatırladaq ki, Azərbaycanın ədəbi-mədəni fikir tarixinin bu əlamətdar hadisəsinin dövlət səviyyəsində layiqincə qeyd edilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidenti “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” 2018-ci il 15 noyabr tarixli Sərəncam imzalamışdır.Sərəncama uyğun olaraq bizim məktəbdə də Böyük Azərbaycan şairi Nəsiminin anadan olmasının 650 illik yubileyinə həsr olunmuş “ Məndə sığar iki cahan” adlı tədbir keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, YAP Binəqədi Rayon təşkilatının üzvləri, idarə, müəssisə, təşkilatların kollektivləri, rayon ziyalıları eləcə də məktəb kollektivi iştirak edirdi. Qonaqlar əvvəlcə Nəsiminin 650 illik yubleyi ilə əlaqədar məktəbin rəssamlıq qabiliyyəti olan şagirdlərinin Nəsimiyə və onun yaradıcılığına hərs olunmuş portretlər və illüstrasiyaları ilə tanış oldular. Tədbiri giriş sözü ilə açan məktəb direktoru Qənirə Sultanova ilk öncə tədbirə təşrif buyuran qonaqları salamladı. Daha sonra məktəb rəhbəri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2019-cu ilin görkəmli Azərbaycan şairi və mütəfəkkiri, Azərbaycan dilini ədəbi-bədii dil səviyyəsinə yüksəldən böyük ustad İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar “Nəsimi ili” elan edilməsini şairə verilən dəyərin, hörmət və ehtiramın ən yüksək göstəricisi olduğunu vurğuladı və qonaqları şagirdlərin təqdimatında hazırlanan ədəbi-bədii kompozisiyaya tamaşa etməyə dəvət etdi.
Tədbirin bədii hissəsi məktəbin müxtəlif sinif şagirdlərinin iştirakı ilə “Nəsimi” filminin motivləri əsasında səhnələşdirilmiş tamaşanın nümayişi ilə davam etdi. Xatırladaq ki,böyük maraqla qarşılanan tamaşaya Azərbaycan Dövlət Akademik teatrının gənc aktyoru Ənvər Quliyev quruluş vermişdir.
Daha sonra məktəbin musiqi müəllimi T.Hüseynovanın rəhbərliyi və məktəbin müxtəlif sinif şagirdlərindən ibarət xor dərnəyinin təqdimatında dünyaşöhrətli müğənni Sami Yusifin repertuarından olan, Nəsimin sözlərinə bəstələnmiş “Sığmazam” qəzəlinin xor şəklində möhtəşəm ifası alqış sədaları ilə qarşılandı.
Tədbirin sonunda Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva çıxış edərək tədbir haqqında xoş təəssüratlarını bildirdi, tədbirin hazırlanmasında professional toxunuşun nəzərə çarpdığını vurğuladı və əməyi keçən hər kəsə təşəkkürlərini bildirdi. Sonda qonaqlar tədbir iştirakçıları ilə xatirə şəkli çəkdirdi.