SON ZƏNG

Son zəng...Yeni arzular,yeni ümidlər,yeni və məsuliyyətli bir həyatın astanası...
Bu gün bizim məktəbdə “Son zəng” tədbiri təşkil olundu.Tədbirdə Binəqədi rayon İcra Hakimiyyətinin nümayəndələri, məktəb rəhbərliyi, müəllim və şagird kollektivi və valideynlər iştirak edirdi. Azərbaycan Dövlət Himninin səslənməsi ilə başlanan tədbiri məktəb direktoru Qənirə Sultanova açıq elan edərək, məzunları təbrik etməklə yanaşı səslənən son zəngin onların həyatında zəfər başlanğıcı olmasını və çöhrələrindən təbəssümün heç zaman əksik olmamasını dilədi, yeni həyat mərhələsində onların hər birinə uğurlar arzuladı. Qənirə xanım həmçinin 2018-2019 -ci tədris ilində məktəbimizin əldə etdiyi nailliyyətlərdən və şagirdlərin qazandıqları uğurlardan da söhbət açdı. Tədbirdə iştirak edən Binəqədi rayon İcra Hakimiyyətinin nümayəndəsi İ.Əsgərov və məktəbin təqaüdçü, qocaman müəllimi S.Quliyeva da öz çıxışları zamanı məzunları müstəqil həyat yoluna qədəm qoymaları münasibətilə təbrik etdilər, onlara xoş arzularını bildirdilər. Məzun şagirdlər də öz növbələrində onların üzərində zəhməti olan bütün müəllimlərə minnətdarlıqlarını bildirməklə yanaşı, gələcəkdə hansı sənətin sahibi olsalar da, hər zaman doğma respublikamız-Azərbaycanın dəyərlərinə xidmət edəcəklərinə, onun tərəqqisi, inkişaf edib gözəlləşməsi üçün çalışacaqlarına da söz verdilər.
Daha sonra tədbirin bədii hissəsinə start verildi. Əvvəlcə məzunların təqdimatında Azərbaycan milli rəqsinin ritmik formada ifası nümayiş edildi. Ardınca məktəbin ibtidai sinif şagirdlərinin ifasında bir-birindən maraqlı və rəngarəng rəqs nümunələri təqdim olundu. Balaca fidanların təqdimatında nümayiş olunan ”Can bala”, “Bayram rəqsi”, “Çarliston”, “İspan rəqsi”, “Fləşmob” və s.milli və dünya xalq rəqslərinin məharətli ifaları tədbirə əsl bayram ovqatı bəxş etdi. Məktəbin 4b sinif şagirdlərinin ifasında səslənən “Əziz müəllimim” mahnısı tədbir iştirakçılarında kövrək anlar yaşatdı.Nəhayət...11 ilin son zəngi çalındı. Bu zəng səsi məzunları xəyallarının qanadında uzaqlara apardı.. Titrək baxışlardan kövrəklik duyuldu..Onların sıralarından gələcəyin neçə-neçə həkimi, mühəndisi, müəllimi çıxacaq...Məzunlar alqış sədaları altında havaya ağ göyərçinlər uçurdu. Səma rəngli şarlarla bəzəndi. Tədbir məzunların rəqsi ilə başa çatdı.
Əziz məzunlar! Sizin hər biriniz bizim üçün dəyərlisiniz! Sizi məktəbi bitirməniz münasibətilə bir daha təbrik edir, yeni və müstəqil həyat yolunda uğurlar arzulayırıq!