Mənim ilk müəllimim

Məktəbimizdə orta təhsil mərhələsinin ilkin və əsas etapı olan ibtidai təhsil pilləsini başa vurmaq münasibətilə dördüncü sinif şagirdlərinin iştirakı ilə silsilə tədbirlər keçirilir. Bu dəfə növbəti belə tədbir məktəbin ibtidai sinif müəllimi Z.Əliyevanın rəhbərliyi ilə təşkil olundu. Səhnəyə xüsusi " Məzun geyimi" ndə çıxan 4a sinif şagirdləri, sanki, ibtidai təhsil dönəmində qazandıqları nailiyyətlərin, mənimsədikləri bilik və bacarıqların hesabatını təqdim etdilər. Dördüncülər "Mənim ilk müəllimim" adlanan bu tədbirdə müəllimə, Vətənə, Ana dilimizin zənginliyinə həsr olunmuş şerlər söylədilər, mahnılar ifa etdilər.Şagirdlərin təqdimatında nümayiş olunan səhnəciklərdəki obrazlar hər kəsdə böyük maraq doğurdu. Uşaq yazarı G.İbrahimovanın " Şah və cavan" hekayəsinin motivləri əsasında qurulan tamaşa tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılandı.
Tədbirdə iştirak edən məktəb direktoru Q.Sultanova, direktor müavini K.Mirzəliyeva, azərbaycan dili və ədəbiyyat müəllimi V.Aslanova və valideynlər çıxış edərək şagirdlərə öz xoş arzularını bildirməklə yanaşı, onlara gələcək təhsillərində də uğurlar arzuladılar.