Ismayıl Şıxlı-100

Bildiyimiz kimi, bu il Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, pedaqoq və ictimai xadim, Xalq yazıçısı İsmayıl Şıxlının anadan olmasının 100 illiyi tamam olur. İsmayıl Şıxlı koloritli xarakterlər və yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik surətlərlə zəngin yaradıcılığı ilə Azərbaycan xalqının bədii fikir salnaməsinə yeni parlaq səhifə yazmış söz ustalarındandır. Üslubun mükəmməlliyi, bədii dilin obrazlılığı, daxili aləmin təsvirinin genişliyi və əlvanlığı İsmayıl Şıxlı nəsrinə xas olan səciyyəvi cəhətlərdir. Taleyüklü məsələlərə münasibətdə daim vətəndaş ziyalı mövqeyi nümayiş etdirmiş İsmayıl Şıxlının xalq yaradıcılığından güc alan əsərləri dərin həyat fəlsəfəsi və milli koloriti ilə oxucuların rəğbətini qazanıb.
Elə bu münasibətlə Azərbaycan dili və ədəbiyyat müəllimi R.Məmmədova məktəbin 7b sinif şagirdləri ilə birgə İ.Şıxlının “ Ölüləri qəbiriistanlıqda basdırın” əsərinin ifadəli oxusu və müzakirəsini keçirdi. Müzakirə zamanı əsərdə azərbaycançılıq məfkurəsinə sədaqətin və ənənəvi dəyərlərə ehtiram hislərinin əks olunması xüsusilə vurğulandı. Eyni zamanda əsərin ideyası barədə fikir mübadiləsi aparıldı, əsərdəki obrazların yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik olması qeyd olundu.
Şagirdlərin fəallığı ilə müşayiət olunan dərs çox maraqlı və səmərəli keçdi.