Lütfi Zadə adına Məktəblilərarası IV Məntiq Olimpiadasının növbəti mərhələsi
Bu gün Lütfi Zadə adına Məktəblilərarası IV Məntiq Olimpiadasının final mərhələsi keçirildi.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi ilə Məktəb-Lisey Kompleksində mərkəzləşdirilmiş qaydada təşkil edilən olimpiadanın final mərhələsində müsabiqənin ilk turunda yüksək nəticə göstərərək finalda iştirak hüququ qazanmış məktəbin V sinif şagirdi S.Mansurov və VI sinif şagirdi A.Məmmədova da iştirak edirdi.
V-VI sinif şagirdləri arasında keçirilən bilik yarışının ilk turunda olduğu kimi, final mərhələsində də şagirdlərə bədii, mücərrəd və verbal məntiqi təfəkkür növlərinə aid 25 test sualının cavablandırılması üçün 1 saat yarım vaxt (90 dəq) verildi.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə keçirilən olimpiadanın əsas məqsədi şagirdlərin məntiqi biliklərinin inkişafına təkan vermək, onlara beynəlxalq, yerli olimpiadalar və bu kimi digər bilik yarışlarında iştirak təcrübəsi qazandırmaq, istedadlı, xüsusilə məntiqi təfəkkürü ilə fərqlənən şagirdləri aşkara çıxarmaq, onların həvəsləndirilməsi və elmə olan marağının artırılmasından ibarətdir.
Olimpiadada iştirak edən bütün şagirdlərə uğurlar arzulayırıq!