Gənc bioloqların ekskursiyası

Məktəbimizdə şagirdlərin asudə vaxtlarını səmərəli təşkil etmək, həmçinin, onların dünyagörüşünü, bilik və bacarıqlarını artırmaq məqsədilə ekskursiyaların təşkil olunması davam etməkdədir. Nəzəriyyə və praktika arasındakı əlaqənin həyata keçirilməsini təmin etmək, onun həyat və təcrübə ilə əlaqəsini gücləndirmək məqsədilə məktəbin biologiya müəllimi B.Bağırovanın təşkilatçılığı ilə “Nəbatat Bağı” və “Zologiya İnstitutuna” növbəti ekskursiya təşkil olundu.Bu dəfəki ekskursiyanın iştirakçıları məktəbin 6b sinif şagirdləri oldular.
Azərbaycan florasından olan bitki növlərinin introduksiyası və genofondunun qorunması məqsədilə yaradılan “Nəbatat bağı”nda şagirdlər dekorativ, dərman və təsərüffat əhəmiyyətli ağac və bitki kolleksiyaları ilə tanış oldular.
Gəzintilərinin davamını "Zoologiya İnstitu" nda keçirən məktəblilərə Zooloji muzeyin əməkdaşları muzeyin ekspozisiya fonduna daxil olan və onurğalı heyvanların müxtəlif siniflərinə (balıqlar, suda-quruda yaşayanlar, sürünənlər, quşlar və məməlilər) aid olan növlərin müasir populyasiya vəziyyəti, təbiətdə sayı, yayılması, onların ekoloji xüsusiyyətləri haqqında geniş məlumat verdi. Həmçinin Azərbaycan Respublikasıının Qırmızı Kitabına daxil edilən nadir və nəsli kəsilməkdə olan növlərin qorunması istiqamətində görülən işlərdən danışdı. Sonda şagirdlərə Azərbaycan faunasına həsr olunmuş kitabçalar paylandı.