Baba Vəziroğlu ilə görüş

Məktəbdə çağdaş Azərbaycan ədəbiyyatında nəğməkar şair, nasir, publisist, kinodramaturq, Əməkdar İncəsənət xadimi , Azərbaycan Yazıçılar ittifaqının üzvü,"Humay" mükafatı laureatı Baba Vəziroğlu yaradıcılığına həsr olunmuş " Qalanı xatirədir..." adlı ədəbi-bədii kompozisiya keçirildi.Məktəbin "Ömür kitabı"na yeni bir imza atan bu görüşdə Babasevərlər, tanınmış teatr xadimləri,məktəb kollektivi və valideynlər də iştirak edirdilər. Tədbirdən öncə tədbir iştirakçıları şairə həsr olunmuş kitab sərgisi ilə tanış oldular. Səhnədə məktəbin bacarıqlı və istedadlı şagirdləri ,müəllimləri və Azərbaycan Dövlət Dram Teatrının gənc aktyoru və rejissoru Ənvər Məmmədovun dəstəyi ilə müəllifin əsərlərinin motivləri əsasında hələ uzun müddət yaddaşlarda qalacaq möhtəşəm ədəbi-bədii kompozisiya təqdim olundu.Görüşdə Azərbaycan Respublikasının Əməkdar artisti Nahidə Orucova,ADMİU-nun doktorantı,Teatr Xadimləri İttifaqının məsul katibi,sənətşünas Aidə Qafarova,teatr xadimi,Həmkarlar ittifaqının sədri Elmira Kərimova,aktrisa Sonaxanım Vəliyeva,Firudin bəy Köçərli adına Kitabxananın 1 saylı filialının rəhbəri Yasəmən Ismayılova,aktyor Elxan Məmmədov kimi mötəbər qonaqlar da iştirak edirdi.
Tədbiri giriş sözü ilə açan məktəb direktoru Qənirə Sultanova Baba Vəziroğlu poeziyasının işığına toplaşan bütün qonaqları salamladı,şairin yaradıcılığından bəhs etdi.Daha sonra məktəbin VII sinif şagirdi Zəhra Məmmədovanın ifasında Azərbaycan milli rəqsinin nümayiş olunması ilə başlanan tədbir, məktəbin müxtəlif siniflər üzrə olan şagirdlərinin təqdimatında bir-birindən maraqlı səhnələrin təqdim olunması ilə davam etdi.Görüşdə, məktəblilərin ifasında şairin "Kim bilir", "Bağışla", "Çağırsan gələrəm", "Sən elə bir zirvəsən" şeirləri, "Can Qarabağ ", "Elegiya", "Sarı gəlin" musiqiləri səsləndi.Muğam ifaçısı,Kaspi Art Beynəlxalq musiqi yarışmasının qalibi,tədbirdə qonaq qismində iştirak edən Teymur Əzizin ifasında sözləri Baba Vəziroğluya aid olan,müəllifin yaradıcılığının şah əsərlərindən hesab olunan “Elegiya” nın möhtəşəm ifası tədbirə ayrı bir ovqat qatdı.Hərbi marşın sədaları altında tədbirin ilk bədii hissəsinə yekun vuruldu.Daha sonra məktəb direktoru Qənirə Sultanovanın dəvətilə səhnəyə təşrif buyuran Baba Vəziroğlu bu tədbir haqqında xoş təəssüratlarından bəhs etdi,görüşdən məmnunluğunu ifadə etdi.Müəllif tamaşaçılara öz sevilən şerlərindən səsləndirdi,məktəblilərin ona ünvanlanan suallarını da ətraflı şəkildə cavablandırdı.Sonda məktəb direktoru Qənirə Sultanova səbəbkara öz təşəkkürünü bildirdi,məktəb kollektivi adından gül dəstəsi və hədiyyə təqdim etdi.Tədbir, xatirə şəkillərinin çəkilişi ilə başa çatdı.