VIII sinif şagirdləri tətil günlərində Gənc Tamaşaçılar teatrında oldular.

Şagirdlərin asudə vaxtlarının səmərəli təşkil olunması,onların ədəbiyyat və incəsənətə olan maraqlarını daha da artırmaq məqsədilə məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Y.Bəkirovanın rəhbərliyi ilə VIII sinif şagirdləri Gənc Tamaşaçılar Teatrında oldular.Burada şagirdlər görkəmli dramaturq M.F.Axundzadənin "Hekayəti-Xırs Quldurbasan" komediyasının motivləri əsasında hazırlanan "Xırs Quldurbasan" tamaşasına baxdılar.Qəhrəmanların düşdüyü komik vəziyyətlər şagirdlərə xoş ovqat aşıladı.İmkanlı ailədən olan qorxaq Tarverdi, evlənmək istədiyi gözəl Pərzad, bu qızı dərin məhəbbətlə sevən, yolunda ölümə hazır olan Bayram, qazanc əldə etmək üçün min cür oyun quran Zalxa və onun əri Namaz, səyahət edən Franz Fox, onun rəfiqəsi Mariya Adamovna və başqaları müxtəlif səhnə oyununda çox gülməli vəziyyətə düşdülər.Tamaşaya rəng qatan iki obraz da var: Ayı və Meymun. İnsanların bir-birinin başına açdıqları oyunlarda bu iki heyvanın da öz rolu, öz oyunu var. Gözəl musiqisi, geyimləri olan bu tamaşada şagirdlər həm dincəldilər,həm ürəkdolusu güldülər,həm də müəllifin ağıllı ideyası ətrafında düşündülər.Tamaşa şagirdlərdə böyük maraq doğurdu.
Belə tədbirlərin təşkili şagirdlərin bədii əsərlərə olan maraqlarının artmasına,zövq və dünyagörüşlərinin formalaşmasına böyük təsir göstərir.