Əhməd bəy Ağaoğlu-150

Bu gün məktəbdə Azərbaycan Respublikası Prezidentinin 10 aprel 2019-cu il tarixli 1109 nömrəli sərəncamına əsasən “ Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin keçirilməsi haqqında” icrasını təmin etmək məqsədilə Təhsil Nazirliyinin 03.07.2019-cu il tarixli F-408 nömrəli əmrinə müvafiq olaraq Azərbaycan ictimai fikrinin görkəmli nümayəndələrindən biri, tanınmış publisist və tənqidçi, hüquqşünas və şərqşünas alim Əhməd bəy Ağaoğlunun (1869-1939) anadan olmasının 150 illiyinə həsr edilmiş sinif təşkilat saatı təşkil olundu. Təşkilat saatı məktəbin Azərbaycan dili və ədəbiyyat fənn müəllimi R.Məmmədovanın rəhbərliyi və 8b sinif şagirdlərinin iştirakı ilə keçirilirdi.Tədbiri çıxış sözü ilə açan Radə müəllim Əhməd bəy Ağaoğlunun həyat və yaradıcılığı haqqında məlumat verməklə yanaşı, Əhməd bəyin daim milli mübarizə hərəkatının önündə olmasını,onun bütün yazılarında, ideologiyasında sülh, əmin-amanlıq məfhumlarının xüsusi yer tutduğunu qeyd etdi.Şagirdlər də eyni zamanda Əhməd bəy Ağaoğlu şəxsiyyətinə həsr olunmuş tədqiqat işlərini təqdim etdilər. Təqdimatlarda böyük mütəfəkkirin həyat və fəaliyyəti, o cümlədən, apardığı milli mücadilə, eyni zamanda onun bir alim, hüquqşünas və millət fədaisi olması əks olunmuşdur.Təşkilat saatında həmçinin mövzuya dair şagirdlərin hazırladıqları videoçarx da nümayiş olundu.
Azərbaycan ədəbiyyatında Əhməd bəy Ağaoğlunun xidmətləri böyükdür. Onun ictimai problemləri mənəvi-əxlaqi aspektdə işıqlandıran, cəmiyyəti tərəqqiyə doğru yönəlməyə və qabaqcıl dünya mədəniyyətindən bəhrələnməklə yeniləşməyə çağıran geniş mövzu dairəsinə malik dərin məzmunlu əsərləri Azərbaycan maarifçiliyinə mühüm töhfədir.