Müstəqilliyimiz dönməzdir, yenilməzdir, əbədidir”adlı tədbir keçirildi
Tarix dəfələrlə sübut edib ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir.Gərək sınaqlara hazır olasan,hər bir əziyyətə və çətinliyə dözməyi bacarasan.Tale elə gətirdi ki, Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək,özünün suveren dövlətini yaratmaq imkanı qazandı.Təəssüf ki, birinci imkan xarici müdaxilə,daxili çəkişmələr və beynəlxalq təminatın olmaması səbəblərindən itirildi. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. İkinci tarixi imkan bir də 70 il sonra yarandı. Sovet imperiyasının dağılması Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etmək imkanı verdi.
1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olundu. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu.
Bu münasibətlə məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Tamizər Allahverdiyevanın rəhbərlik etdiyi 7”C” sinif şagirdləri“Müstəqilliyimiz dönməzdir,yenilməzdir,əbədidir” adlı tədbir keçirdilər.
Tədbir Azərbaycan Dövlət Himninin səslənməsilə başladı.Aparıcılar giriş sözü ilə tədbir iştirakçılarını salamladılar və tədbiri açıq elan etdilər.
Əvvəlcə 18 Oktyabr Azərbaycan Dövlət Müstəqilliyi Günü haqqında məlumat verildi.Sonra müstəqilliyimiz haqqında videoçarx nümayiş olundu.Bəzi şagirdlər Məmməd Arazın “Azərbaycan –dünyam mənim”, Bəxtiyar Vahabzadənin “Azərbaycan”şeirlərini söylədilər.Xorun ifasında “Heyratı” və digər vətənpərvərlik ruhunda mahnılar səsləndi.
Sonda təlim-tərbiyə işləri üzrə təşkilatçı- müavin Lyudmila Qurbanova müstəqiliyimizin önəmindən, daimi olacağından söhbət açdı və tədbir iştirakçılarına öz təşəkkürünü bildirdi.