“Məktəb hesabatları”nın dinlənilməsinə başlanılıb
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən “Məktəb hesabatları”nın dinlənilməsinə start verilib.
“Məktəb hesabatları”nın dinlənilməsi ilk olaraq Nəsimi rayonunun ümumi təhsil məktəblərini əhatə edib.
Dinləmədə BŞTİ-nin müdiri Mehriban Vəliyeva, İdarənin müdir müavinləri Xəyalə Əhmədzadə və Orxan Kərimov, Ümumi təhsil sektorunun müdiri Fuad Babayev, Keyfiyyətə nəzarət sektorunun müdiri Anar Mustafazadə, İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov, Təlimə Dəstək Mərkəzinin (TDM) direktoru İlkin Həsənov və məktəb direktorları iştirak ediblər.
“Məktəb hesabatları”nın dinlənilməsinin əsas məqsədi ümumi təhsil məktəblərində təlim-tərbiyə prosesinin təşkili, ümumi təhsilin keyfiyyətinə birbaşa təsir göstərən metodiki işin düzgün qurulmasının əhəmiyyəti, məktəblərin fəaliyyətində səmərəli idarəetmənin rolunun artırılması, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli işin aparılması, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsinin sağlam rəqabətin yaranmasına təsiri, istedadlı şagirdlərlə işin düzgün qurulması və olimpiada hərəkatının genişləndirilməsi, uşaqların məktəbəhazırlıq təhsilinin təşkili, tam orta təhsil səviyyəsində təmayülləşmənin tətbiqi, digər müvafiq məsələlərin müzakirəsi və təhsil müəssisələrində tədrisin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasını təmin etməkdən ibarətdir.
Paytaxtdakı 46 nömrəli tam orta məktəbdə keçirilən ilk dinləmədə çıxış edən BŞTİ-nin müdiri Mehriban Vəliyeva təhsil sahəsində aparılan islahatlardan, ötən dərs ilində qazanılmış uğurlar və perspektiv məsələlərdən, eləcə də “2020-2021-ci tədris ilində ümumi təhsillə bağlı aktual məsələlər və hədəflər barədə” Təhsil nazirinin əmrində müəyyən edilmiş əsas prioritet istiqamətlər üzrə görülən işlərdən, Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları sənədində qarşıya qoyulmuş idarəetmə prinsiplərindən bəhs edib.
İdarə müdiri məktəb rəhbərinin hesabatlılıq, məsuliyyətin bölüşdürülməsi və inkişafın monitorinqi məsələlərini daim diqqət mərkəzində saxlamasının vacibliyini önə çəkib. Hər bir məktəb direktorunun öz fəaliyətinin təhlilini aparmasının zəruriliyini vurğulayan BŞTİ müdiri məktəbdaxili monitorinq sisteminin təşkilinin əhəmiyyəti haqqında fikirlərini bildirib.
Məktəb direktorlarının hesabatları dinlənildikdən sonra Ümumi təhsil sektorunun müdiri Fuad Babayev Nəsimi rayonu üzrə ümumi təhsil məktəblərinin tədris göstəricilərinin təhlilinə dair təqdimatla çıxış edib. TDM-in direktoru İlkin Həsənov “Məktəbdə idarəetmə və pedaqoji işin təşkili ilə bağlı ehtiyaclar və tövsiyələr” mövzusunda təlim keçib.
Müzakirələrdə ümumi təhsil məktəblərində təlim keyfiyyətinin artırılması istiqamətində səmərəli yanaşmalar, keyfiyyətin artırılması üsul və formaları, məktəblərdə tərbiyə işinin təşkili, fəaliyyətin səmərəliliyinin artırılması, təmayülləşmə, keyfiyyətə nəzarət işi, ictimaiyyətlə əlaqələr, təminat-təchizat, təhsil müəssisələrinin həyatındakı yeniliklərin ictimaiyyətə daha operativ çatdırılmasının təmin olunması və digər müvafiq mövzularda fikir mübadiləsi aparılıb.
Həmçinin, ümumi təhsil məktəblərində IV, VIII və IX siniflərdə keçirilən monitorinq imtahanları və buraxılış imtahanlarının nəticələrinə aid təqdimat nümayiş edilib.
Qeyd edək ki, “Məktəb hesabatları” üzrə dinləmələr paytaxtın 12 inzibati rayonu üzrə keçiriləcək.