9-cu sinif şagirdlərinin valideynləri ilə maarifləndirici görüş keçirildi

"Peşə təmayüllü siniflər" layihəsi çərçivəsində valideynlərlə maarifləndirici görüş keçirildi
Azərbaycan Respublikası Təhsil İnstitutunun təşəbbüsü ilə həyata keçirilən “Peşə təmayüllü siniflər” layihəsi çərçivəsində məktəbimizdə 9-cu sinif şagirdlərinin valideynləri ilə maarifləndirici görüş təşkil olundu. Görüş layihənin məktəbdəki qrup rəhbəri Leyla Süleymanovanın təşkilatçılığı ilə baş tutdu.
Tədbirin əsas məqsədi valideynləri layihənin mahiyyəti, məqsədləri və tətbiq mexanizmi barədə məlumatlandırmaq, eyni zamanda şagirdlərin gələcək peşə seçimi prosesində ailənin rolunu gücləndirmək idi. Qeyd olundu ki, “Peşə təmayüllü siniflər” layihəsi ümumi orta təhsil səviyyəsində təhsil alan şagirdlərin maraq və meyllərinə uyğun olaraq müəyyən peşə istiqamətlərinə yönləndirilməsini və bu sahələr üzrə ilkin bilik və bacarıqların aşılanmasını hədəfləyir.
Görüş zamanı valideynlərə layihə çərçivəsində tətbiq olunan təmayül fənləri, əmək bazarının tələblərinə uyğun formalaşdırılmış tədris məzmunu və şagirdlərin peşə bacarıqlarının inkişaf etdirilməsinə yönəlmiş praktiki məşğələlər barədə ətraflı məlumat verildi. Həmçinin, layihənin şagirdlərin gələcək təhsil və karyera planlamasına müsbət təsiri xüsusi vurğulandı.
Tədbir müzakirə şəklində davam etdirildi, valideynlərin sualları cavablandırıldı və onların layihəyə dair təklifləri dinlənildi. Sonda Leyla Süleymanova valideynlərin fəal iştirakına görə təşəkkür edərək bildirdi ki, belə görüşlər şagirdlərin düzgün peşə seçiminə müsbət təsir göstərir və onların gələcək uğurlarına zəmin yaradır.