“Şuşa İli” ilə bağlı silsilə tədbirlər davam edir

Qədim şəhərimizin tarixini və bu gününü tanıtmaq məqsədi ilə Z.Məmmədov adına 103 nömrəli tam orta məktəbdə açıq dərslər keçirilib. Tarix müəllimi Sevinc Şirinovanın təşkilatçılığı ilə keçirilən açıq dərsdə Dövlət Himni səsləndirilib, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Sevinc Şirinova çıxış edərək vurğulayıb ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı Qələbə Azərbaycan tarixinə yeni bir səhifə yazıb. Qarabağımızın incisi olan Şuşa şəhərinin azad olunması ilə 30 illik erməni işğalına son qoyulub. Açıq dərsdə çıxış edən Vüsalə Məmmədova Şuşa şəhərinin əsrarəngiz flora və faunası barədə iştirakçılara ətraflı məlumat verib, hazırda işğaldan azad edilən ərazilərdə, o cümlədən Şuşada aparılan geniş bərpa, tikinti-quruculuq işləri barədə danışıb. Qeyd edib ki, Şuşa təkcə öz tarixi ilə yox, həm də gözəl təbiəti, meşələri, sərin bulaqları, saf havası ilə buraya gələn hər kəsi, xarici qonaqları belə heyran edir. Məktəblilərin ifasında Şuşa haqqında şeir kompozisiyası, "Şuşa" şeiri səsləndirilib. Şagirdlərin Şuşa şəhərinin tarixi abidələrini, təbiətini, gözəlliklərini əks etdirən rəsm sərgisi təqdim edilib.