İrəvan Müəllimlər Seminariyasının 140 illiyi

4 mart tarixində Binəqədi rayonu Zakir Məmmədov adına 103 nömrəli tam orta məktəbdə “İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin qeyd edilməsi haqqında”Təhsil Nazirliyinin Tədbirlər Planının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Təhsil nazirinin 31.01.2022-ci il tarixli F-43 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tədbirlər planının II bəndinə əsasən məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi Əhmədova Sevinc, Əliyeva Raziyənin təşkilatçılığı ilə görkəmli maarifpərvər ziyalı Firidun bəy Köçərlinin İrəvan müəllimlər Seminariyasında müəllim kimi fəaliyyəti ilə bağlı dəyirmi masa təşkil olunmuşdur. İrəvan şəhəri tarixən azərbaycanlıların köklü yaşadığı böyük elm, maarif və mədəniyyət mərkəzlərindən biri kimi şöhrət tapmışdır. Şəhərdə Azərbaycan xalqına məxsus son dərəcə zəngin ədəbi-mədəni mühit formalaşmışdır. İrəvan xanlığı çar Rusiyasının tərkibinə qatıldıqdan sonra burada dünyəvi təhsilə xüsusi diqqət yetirilməsində həmin mühitin özü əhəmiyyətli rol oynamışdır. XIX əsrin ikinci yarısından etibarən Cənubi Qafqazda maarifçilik hərəkatı geniş vüsət aldı. Regionda dünyəvi təhsil verən yeni tipli məktəbin – İrəvan Müəllimlər Seminariyasının açılması da məhz bu vaxtlara təsadüf edir.
1881-ci ilin noyabr ayında fəaliyyətə başlayan İrəvan Müəllimlər Seminariyası çar hakimiyyətinin bölgədəki maraqları naminə yaradılmasına baxmayaraq, 40 ilə yaxın müddətdə hazırladığı müasir dünyagörüşünə və düşüncə tərzinə malik yüksəkixtisaslı milli müəllim kadrları ilə azərbaycanlıların üstünlük təşkil etdiyi İrəvan mahalında ədəbi-ictimai, elmi-mədəni həyatın ənənəvi dolğunluğunun və canlılığının qorunub saxlanılmasında təqdirəlayiq xidmətlər göstərmiş, pedaqoji fikir salnaməmizə yaddaqalan səhifələr yazmışdır. Görkəmli maarifpərvər Firidun bəy Köçərli seminariyanın ilk müəllimlərindən olmuş, geniş mədəni-maarif işləri aparmışdır. Seminariyanın məzunları sırasında xalqımızın bir çox tanınmış şəxsiyyətləri və dövrünün görkəmli ziyalıları vardır.