Zəfərə aparan 44 gün

25 oktyabr tarixində Z.Məmmədov adına 103 nömrəli tam orta məktəbin musiqi müəllimi Həcər Əkbərovanın təşkilatçılığı ilə Qubadlı rayonunun işğaldan azad olunmasının ildönümü ilə bağlı " Zəfərə aparan 44 gün" adlı tədbir keçirildi.İlk öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edildi. Tədbirdə məktəbin direktoru Həziyeva Səma çıxış edərək qeyd etdi ki, oktyabrın 26-da dövlət başçısı xalqa müraciətində Azərbaycan Ordusunun oktyabrın 25-də Qubadlı şəhəri ilə yanaşı, rayonun Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan, Zəngilan rayonunun Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd, Cəbrayıl rayonunun Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu və Çələbilər kəndlərinin işğalına son qoyulduğunu bəyan edib.Ermənistan ordusu Qubadlıda xeyli canlı qüvvə və texnika itirib. Qubadlının azad olunması ilə Azərbaycan Ordusunun Laçın rayonuna yolu açılıb, Silahlı Qüvvələrimiz Laçın dəhlizi istiqamətində irəliləməyə başlayıb.Prezident İlham Əliyevin sərəncamı ilə Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş hərbi qulluqçular “Qubadlının azad olunmasına görə”medalı ilə təltif edilib.Məktəbin tərbiyə işləri üzrə direktor müavini Fatimə Rüstəmova Qubadlı rayonunun azad olunma tarixi və coğrafi mövqeyi haqqında danışdı. Məktəbin 6b sinif şagirdi Sadıqova Aydan"Xarı Bülbül" rəqsini ifa etdi.